Coşqun Xəliloğlu· : -TOPLAN, TOFAŞ VƏ

YAZARLAR 13:49 / 22.03.2025 Baxış sayı: 3384

 

                                                                                                        (HEKAYƏ)

Vahidlə eyni idarədə işləyirik. Hər ikimiz mühəndisik. O, qanacaqlı, mərifətli bir oğlandır. Oğlan deyəndə, yaşı otuzu ötüb. Amma subaydı. Boy-buxunlu, qabiliyyətli, azdan-çoxdan maddi imkanı olmasına baxmayaraq nədənsə evlənmir. Tay-tuşları “Toy nə vaxt olacaq?” –soruşanda təbəssümlə, tezliklə olacaq – deyə cavab verir. Aylar- ayları, illər-illəri əvəz edir, Vahidsə subaylığın daşını atmır ki, atmır. İdarəmizdə gözəl-göyçək, ağıllı-kamallı qızlar şoxdur. Vahid bu qızlarla elə mehriban rəftar edir ki, qızların hər biri düşünə bilər ki, bu cavan oglanın qəlbinə ona qarşı məhəbbət toxumu səpilib. Amma birlikdə işlədiyimiz uzun illər ərzində Vahidin qibtə ediləcək səmimiyyətinə tam əmin olmuşam.

İstirahət günlərinin birində günorta Vahidlə küçədə rastlaşdım. Hal-əhval tutandan sonra o, – gəlsənə, qəlyanaltı eləyək – deyib, üzünü yaxınlıqdakı bağdakı kafeyə tutdu. Razılaşdım. Küncdəki masanın arxasında əyləşdik. Sifariş verdik.

Şirin söhbət edə- edə yaxşıca yeyib-içdik. Mən:

–Ay Vahid, inşallah, yaxşı bir toy edərsən, biz də gəlib iştirak edərik –ərklə dedim, vaxt da keçir ha. –əlavə etdim.

O, gülümsündü.

–Nə gülürsən, düz deyirəm də.

–Bilirəm, düz deyirsən. Amma etibarlı qız axtarıram.

–Qızların etibarına nə olub?

–Qızların etibarına...İki dəfə etibarsızlıq görmüşəm, gözüm qorxub.

–Ağllıma da gəlməzdi ki sənin kimi nəcib qəlbli bir insanın qarşısına belələri çıxa bilər.

Vahid təəccüblə ona baxdığımı görüb: –Onda lap əvvəldən danışım, –dedi –Yeddi-səkkiz yaşım olardı. Qapıbir qonşumuz Zeynəb xalagillə lap yaxın idik. Tez-tez ya o bizə gələr, ya da anam onlara gedərdi. Zeynəb xalanın qızı Qərənfil məndən bir yaş kiçik idi. Həmişə bir yerdə oynayırdıq. Çox mehriban idik. Başqa qonşu uşaqları bizə həsəd aparırdı. Lazım gələndə bir-brimizi müdafiəyə də qalxırdıq.

Bir gün valideynlərimizdən icazə alıb yaxınlıqdakı kiçik parka gəzməyə getdik. Burada qələbəlik idi. Bizdən bir az aralıda yaşayan sinif yoldaşım Nahid də burada idi. O, balaca itini—Toplanını da gətirmişdi. Qərənfilin itlə oynamaq istədiyini görən Nahid Toplanın başına bağlanmış ipi qıza verdi. Qərənfil sevinə-sevinə ipdən yapışıb itin məzəli-məzəli gəzməyinə baxır, onun otların arasından iyləyərək nəsə axtarmasına tamaşa edirdi. Nahid Qərənfilin onun itindən xoşu gəldiyinə görə sevinir, qızın suallarına həvəslə cavab verirdi.

Parka gəldiyimizdən xeyli keçmişdi. Evə qayıtmaq vaxtıydı. Qərənfilə –gəl gedək, indi bizi gözləyirlər, –dedim.

–Mən hələ Toplanımla oynayacağam, –Qərənfil itin başını sığallamağa başladı.

–Axı, gecdir. Evə getməliyik.

Nahid:

–Qoy oynasın da, mən onu ötürərəm, evlərini tanıyıram. –dedi.

Qərənfilin gözləri güldü:

–Mən Nahidlə gedərəm. Sən, çıx get, –səsini qaldırdı.

–Biz birlikdə gəlmişik, birlikdə də getməliyik.

–Dedim ki, Nahidlə gedəcəyəm.

Tərz-tərs Qərənfilə baxdım. Onun heç vecinə də deyildi. Elə bil Toplanın sahibi Nahid onun ən yaxın dostu idi, məni isə sankı birinci dəfə görürdü. Uşaq olsam da istədim Qərənfili vurum. Sonra yadıma düşdü ki, qıza əl qaldırmaq ədəbsizlikdir. Evə qayıtdım. O gündən Qərənfillə bir daha oynamadım.

Vahid kafe xidmətçisinin gətirdiyi çaynikdən hər ikimizə çay süzdü. Armudu stəkandakı pürrəngi çaydan bir qurtum içərək söhbətini davam etdirdi:

–Yuxarı siniflərdə oxuyarkən əlaçı olduğumdan sinfimizin zəif oxuyan şagirdlərinə dərslərində çox vaxt kömək edirdim. Nuriyyə adlı bir qız var idi sinfimizdə. Başqa dərsləri yaxşı oxusa da riyaziyyatdan zəif idi. Hər gün mənə yaxınlaşır, başa düşmədiklərini izah etməyi xahiş edirdi. Qızla, deyəsən, dostlaşmışdım. Onuncu siniufdə oxuyanda bütün sinif yoldaşlarım aramızdakı münasibətdən xəbərdar idilər. Bəlkə də bu ilk məhəbbət idi... Nuriyyə qəşəng idi, mavi gözləri, şabalıdı saçları, girdə yanaqları, şux qaməti var idi. Səliqəli geyinirdi. Nuriyyə həm də ağıllı idi. Bəzi oğlanların boş atmacalarını “eşitməz”, yersiz gülməz, danışmazdı. Onuncuda oxuyanda utana-utana ürəyimi Nuriyyəyə açmaq istədim. Üzünə xəfif bir qızartı çökdü. Amma baxışlarımız, ovcumda tutduğum titrək əlləri və çinar ağacının şahidliyi əhd-peyman bağlamağımıza işarə idi.

Sinfimizdə Valid adlı bir oğlan vardı. Atası ticarətçiydi. Valid lovğa və təkəbbürlü idi. Dərslərini zəif oxusa da özünü hamıdan ağıllı göstərməyə çalışırdı. O, gah bu qızla, gah da başqası ilə “dostluq” etməyi xoşlayırdı. Son zəng günü atası Validə o vaxt dəbdə olan, təzə, yağin içində “Tofaş” avtomobili bağışlamışdı.

Orta məktəbi qurtardıq, arzularımizın arxasınca hərəmiz bir tərəfə getdik. Mən Neft və Kimya İnstitutuna qəbul olundum, Nuriyyə İqtisad Universitetinin tələbəsi oldu. Valid isə...hüquq fakultəsinə “daxil oldu”.

Nuriyyə ilə müntəzəm əlaqə saxlayır, tez-tez görüşürdük.

Payızın son günləri idi. Adətim üzrə Nuriyyəyə zəng elədim:

–Kitabxanaya gedirəm, istəyirsənsə, gəl birlikdə gedək, –dedim

–Yorulmuşam, həm də başım ağrıyır, –cavab verdi.

Ertəsi gün yenə də ona zəng etdim. Bu dəfə də başı ağrıdığını bildirdi. Elə bil həmişə mənimlə mehribanlıqla deyib-gülən, incə yumorla, zarafatla danışan Nuriyyə deyildi.

Həftənin beşinci günü sonuncu dərsimizi keçmədik. Nəzrin müəllimə xəstələnmişdi. Fikirləşirdim ki, gedim Nuriyyə ilə görüşüm, hal-əhval tutum. Gəzə-gəzə İqtisad Universitetinə tərəf addımladım. Ora çatar-çatmaz elə bil yuxuda idim, ayıldım. Təsadüfdənmi, zərurətdənmi elə bir səhnə gördüm ki... Valid “Tofaş”ın arxa qapısını açır, Nuriyyə isə gülə-gülə maşına əyləşirdi. Yaxşı ki tələbələrin dərsdən çıxan vaxtı idı. Mən özümü gənclərin gur yerinə verdim ki, sinif yoldaşlarım – təzə sevgililər məni görməsinlər. Bir neçə addim atıb özümdən asılı olmayaraq çevrildim arxaya. “Tofaş” yerindən qopdu... Yox,yox... Mənim ürəyim yerindən qopub düşdü ayaqlarım altına, sanki şüşə kimi çilik-çilik oldu. Büdrədim, az qaldım yıxılam. Məni soyuq tər basdı. Nuriyyənin vəfasızlığı məni çox sarsıtdı, onun bu hərəkətinə görə elə kədərləndim ki... Bir xeyli vaxt özümə gələ bilmədim.

...Vahidi sankı ilk dəfə görür və dinləyirdim. Onun başına gələnlər həqiqətən də təəssüf doğururdu.

–Ay Vahid, başına gələnlər sənin bütün qızlara etinasız olmağına haqq vermir. Yaş da keçir, ha...

–Keçməz, inşallah, bu payız subaylığa “Əlvida” deyəcəyəm.

–Elə isə səni indidən təbrik edirəm.

Kafedən çıxdıq. Axşam düşürdü. Küçədə xoşbəxt gənclərin səsi bir-birinə qarışmışdı.