Elman Eldaroğlu : - "Dövlət babanın" unutduğu mükafat..

.
İlqar Əlfioğlu- 70
Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsindəki 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Ailədə üç uşaq olublar. Daha sonra institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…
Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da dəqiqləşdirə bilməmişəm. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...
Nikbin, məğrur, dövrlə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir...
Söhbət İlqar Əlfioğludan gedir. Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən idi. Azərbaycan yazıçısı, jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda yaşayır. 1985-ci ilin mart ayında ürək çatışmamazlığından vəfat edib. Anası Rəhilə xanım isə müəllim işləyib...
Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir...
“İllər həyatımızdan metro qatarı kimi keçir. Ətraf qaranlıqdır, bir şey görmürsən, ancaq gurultusu qalır beynində. Stansiyalarda işığa çıxırsan, amma hansı dayanacaqsa sonuncudu, artıq düşməlisən...
Hər iki başı zülmət olan bu yolu hamı keçir, içində işıq daşıya bilsə, xoş halına...”- söyləyir.
Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…
Deyir ki:- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-70 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur.”
Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…
"Dünən sənin normal insan kimi saydığın adam bu gün imkanlı olub, varlanıb eşşəklik edirsə, deməli o, elə eşşək olub. Sadəcə eşşəkliyini göstərməyə imkanı olmayıb..."- söyləyir.
Martın 26-sı İlqar Əlfioğlunun 70 yaşı tamam olur. Həmin gün qocalığın cavanlığını arxada qoyub, qocalığın ahıllıq dövrünə qədəm basacaq. Amma qəti qorxusu yoxdur, hələ qarşıda onu qocalığın özü gözləyir. Qocalmaq isə hər adama nəsib olmur...
Yeri glmişkən, İlqar Əlfioğlu bəlkə də ölkədə yeganə jurnalist, tərcüməçi, yazıçı, televiziya aparıcısıdır ki, xidmətləri indiyədək "Dövlət baba" tərəfindən mükafatlandırılmayıb. Necə deyərlər, elə bil çörəyinin duzu yoxdur. Nə bilim, bəlkə də yada salan olmayıb...
70 yaşın mübarək, İlqar Əlfioğlu!