BAHAR ƏHVAL-RUHİYYƏLİ ANLARIN SÖZ LEYSANI

Dünən (15.03.2025) Azərbaycan Yazışılar Birliyi Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündə əvvəldən axıra kimi bahar müjdəli Novruz Bayramının mübarək qədəmlərinin səsi, ilıq nəfəsi hiss olunmaqdaydı. Bu əlamət bölmə rəhbəri İsmayıl İmanzadənin xeyir-dualarından da açıq-aşkar hiss olunurdu.
Bölmənin sədri yazın gəlişinə sayılı günlər qaldığı bir vaxtda son bir ay ərzində görülən işlərdən söz açıb, növbəti həftələr ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi. Yazarlar bu məsələylə ilgili təklif və istəklərini söyləyərək, nəzərdə tutulan məsələlərin həyata keçirilməsi naminə birgə səy göstərəcəklərini razılıq dillərinə gətirdilər.
Söz məclisinin ikinci bölümündə əvvəlcə şair Mikayıl Yusif bir neçə şeirini osudu, ədəbiyyat sevdalısı Rəşid Rəsulov isə xalqımıza və yazarlarımıza yönəlik təbrikini və xeyir-dualarını sevinc hissiylə “sərgilədi”.
Ötən ilin sonlarında AYB-yə üzv qəbul olunan hüquqşünas şair Bəhman Gülövşəlinin oxuduğu iki şeirdən və xeyir-dualarındansa Ramazan ayının və baharın çiçək ətri duyulmaqda idi.
Hər dəfə də adətən özünü həvəskar şair adlandıran Mahir Musa yurdumuzun gözəlliklərini və insanların xoş əhval-ruhiyyəsini əks etdirən şeiriylə fərqləndi. Gənc şairlər,-AYB-nin üzvləri-Nicat Hunalp və Elçin Məhərrəmtəqdim etdikləri şeirləriylə ədəbi aləmin poetik zirvəsinə uğurlu addımlarla yön aldııqlarını bir daha nümayiş etdirdilər. Tanınmış şair Əhməd Əfsunun oxuduğu iki şeir də poetik səviyyəsi baxımından diqqətçəkən oldu.
Tanınmış şair-publisist, AYB-nin üzvü Namiq Zaman bu dəfə bir hekayəsi ilə həmkarlarının qarşısında yaradıcılıq hesabatı verdi. Hekayə məzmunca diqqətçəkən olsa da, polemikaya səbəb oldu. Yazarların bir qismi,-illah da yaşlı nəslin nümayəndələri-əsərin qəhrəmanları olan 23 yaşlı müəllimin və orta məktəbin sonuncu sinfində oxuyan qızın xəyali sevgilərini “topla-tüfənglə” qarşılasalar da, digərləri bu ülvi hisslərin həyati reallıqla səsləşdiyini bildirdilər. Polemikaya bölmə rəhbəri: “Əsərdə hadisələr çox yaxşı təsvir edilib, belə xəyali ülvi məhəbbət barədə yüzlərlə nümunələr var. Yaxşısı budur gəlin bu uğurlu hekayəsinə görə, qələm dostumuzu təbrik edək!”- sözləriylə mübahisələrə son qoydu...
Satirik şeirləriylə həmişə oxucuların rəğbətini qazanan Eldəniz Cəfəroğlunun bu dəfəki çıxışı da yaddaqalan oldu. Tanınmış qələm sahibi, Prezident təqaüdçüsü Elşən Əzim oxuduğu bir şeiriylə yazar həmkarlarını məftun etməyi bacardı. Mingəçevir Dövlət Universitetinin dosenti, şair-publisist Mehman Rəsulov isə Novruz Bayramı öncəsi ürəyindən keçən səmimi duyğularını kəlmə-kəlmə dilində səsləndirdi. Bölmə rəhbəri İsmayıl İmanzadə bu dəfə bir neçə təzə uşaq şeiriylə qələmdaşlarının qarşısına çıxdı və iki saata yaxın xoş ovqat hissiylə köklənmiş söz məclisini hərarətli kəlmələriylə sonucladı...
VAHİD QAFARLI
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bütün reaksiyalar:
22