Arzu Əsəd : - Yeni Zelenski düzəltmək   xülyası...

YAZARLAR 12:25 / 22.03.2025 Baxış sayı: 689

 

Türkiyə dövləti İmamın oğlundan yeni Zelenski düzəldilib özünün parçalanmasına imkan verməyəcək.

Diplom məsələsi çox kiçik bir məsələdir - bəhanədir, bizim məktəbli ikən tarix dərsliyindən oxuduğumuz birinci dünya müharibəsinin başlanma səbəbi kimi göstərilən Ferdinandın öldürülməsi kimi məshur bir bəhanə. Artıq bu coğrafiyada oyunları Türkiyə dövlətinin özü qurur. Əkrəm bəyin Türkiyəni hansı çıxılmazlara daşımaq istəyi göz qabağındadır.

Bu iyirmi ildə Türkiyə nələr görmədi? Kürd sorununu yatırtdı, Gəzi olaylarında dövləti dağıtmaq istəyən qüvvələri bərtərəf elədi, FETÖ- nün dövlət çevrilişi cəhdinin qarşısını aldı...İmamın oğlunun müdafiəsi ilə bağlı bu nümayişlər də yatırılacaq...Azərbaycan virtual məkanında, nə yazıq ki, bu hadisələrə "demokratiyanın müdafiəsi" adı altında İmamoğlunu müdafiə edənlərin səsi də gur eşidilir. Bunların içində məkrli Türkiyə-Azərbaycan düşmənləri də var, həqiqi demokratiya istəkliləri də.

Birincilər praktik, realist, illər boyu Qərbin müxtəlif kəşfiyyat kanallarına bağlı olub ölkədə demokratiya pərdəsi altında hərc-mərclik, xaos, iğtişaş, narıncı inqilab yaratmaq istəyən, beləliklə də, Azərbaycan və Türkiyəni parçalamaq, xəritədən silmək istəyən qüvvələrdir. İkincilər isə məmur ozbaşınalığindan, haqq və hüquqların tapdalanmasından, işsizlikdən, pulsuzluqdan əziyyət çəkən, həqiqi demokratiyanın bərpa olunmasını istəyən, ölkə sərvətlərinin ədalətli şəkildə bölüşdürülməsini istəyən sadə insanlar, namuslu vətəndaşlar, daha çox nəzəri düşünənlərdir. Hər şey belə bir mürəkkəb oyunun içindədir.

Bir tərəfdən ölkəni dağılmamağa qoymamalı, digər tərəfdən isə demokratik mücadilənin yolundan sapmamasına müsaidə edilməməli. Məhz belə kəskin dilemmalarda doğru yolu tutan millətlər var olmaq haqqını qazanır."Dunyaların mayallaq aşdığı", böyük supergüçlərin dunyanı yenidən bölüşdürdüyü, yeni dünya nizamı yaradıldığı bu günlərdə millət tələyə qoyulan "demokratiya, iqtisadi rifah" pendirinə tamah salıb ölkədə iğtişaşlar yaratmamalı, başbilənlər demokratiya nağılları danışmamalı, son onillərdə ölkəni qanın-qadanın içindən salamat keçirən, parçalanmağa qoymayan, Suriya kimi bir dövləti supergüclərdən təmizləyib Orta Şərqdə hegemonluğunu ortaya qoyan, eləcə də Qarabağı azad etməkdə Azərbaycanın yanında olan, tarixin sinağından çıxan dünya lideri - Ərdoğanın tərəfində olmalıdır.

Onsuz da qüdrətli Türkiyə dövləti bu olayların istiqamətini kütlənin istəyinə tabe etdirməyəcək qədər məsuliyyətli və dayanıqlı davranacaq. Amma tarix bizi - azərbaycanlıları da sinayır. Qarabağın azad olunmasında bütün dövlət gücü və millət sevgisi ilə yanımizda olan Ərdoğanın yanında olmaq kimi şukran, yoxsa açıq-aşkar Azərbaycana, türk birliyinə nifrətini ifadə edən, açiq-aşkar erməni və PKK yanlıları olan imamoğluların yanında olacaq qədər nankor olacağıq?