Nəriman Qasimoglunun  TƏQDİMATI

Maraqli 11:30 / 23.03.2025 Baxış sayı: 840

Əzizimiz Seyran Səxavət!

Bu günlər ədiblərimizin doğum günləridir: Səməd Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Seyran Səxavət... Novruzun bərəkəti deyil, bəs nədir: məhz bu günlər ədəbiyyatımızı bu adlar yaşıllaşdırıb.

Bu yaşıllıqda Sizin öz bənzərsizliyiniz ayrıca bərq vurur, könül oxşayır. Əsərlərinizin, şəxsiyyətinizin şirinliyi bir ayrı aləm... Möhkəm can sağlığı arzulayır, bağrıma basıram!

xxxxx

Seyran Səxavət, "Qaçaqaç" avtobioqrafik romandan bir parça

Özümün şəxsi səhlənkarlığımın ucbatından Qasım Qasımzadə ilə görüşüm təxminən altı ay uzandı: bu gün, sabah, bu gün, sabah...

Makinadan çıxartdığım şeirləri əvvəlcə tələbə yoldaşım Aydın Abdullayev oxudu, xoşuna gəldi:

- Qasım müəllim bizi evdə gözləyəcək, - dedi, - dərsdən çıxan kimi gedirik.

- Aydın, bəlkə sabah gedək? - soruşdum.

- Olmaz... gözləyəcək axı...

- Aydın, bəlkə mən getməyim, özün şeirləri apar ver də...

- Səni görsə yaxşıdı. - Aydın təkid elədi.

- Vallah, utanıram, o boyda kişinin evinə...

- Burda utanmalı heç nə yoxdu. Özün görərsən, sadə adamdı.

- Onun harası sadədi, qəzetdə şəklini görmüşəm, çox zəhmlidi eee, zəhmi ağır kişiyə oxşayır.

Aydın gülüb dedi:

- Hər halda Qasım müəllimin zəhmi ədəbiyyatın zəhmindən ağır deyil ki... özün də şair olmaq istəyirsən.

- Aydın.

- Hə...

- Aydın, görəsən şeirlərim onun xoşuna gələcək?

- Gələcək, gələcək...

- Nə bilirsən?

- Bilirəm də, - dedi, - zövqünə bələdəm.

- Birdən xoşuna gəlməsə, nə deyəcək?

- Əvvəla, bu şeirlər onun xoşuna gələcək, əgər xoşuna gəlməsə, deyəcək ki, xoşuma gəlmədi.

Aydın mənim bikeflədiyimi görüb böyük əli ilə çiynimə şappıldatdı:

- Xoşuna gələcək, özü də çox... - dedi, - qurtaraq bu söhbəti.

Aydın elə inamla dedi ki, elə bil bu şeirləri özü yazıb və bu, mənim səbrimi xeyli aldı.

- Gedək eee, - dedim, - gedək! - Və ürəyimdən keçdi ki, Allahın altında elə bu saat Qasım müəllimin qapısının ağzında olaydıq və birbaşa içəri keçəydik, qurtarıb gedəydi, bir az da dərinə getsək, canım qurtaraydı...

Qasım müəllimin yanına, əgər belə demək mümkündürsə, o qədər də əliboş getmirdim. Təxminən iyirmi gün, bir ay qabaq "Azərbaycan gəncləri" qəzetində "Bizim arx" adlı bir şeirim çap olunmuşdu. O qəzeti də özümlə götürmüşdüm. Şeirin altına da yazılmışdı ki, "Seyran Xanlarov, Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin birinci kurs tələbəsi" - bu yeni ünvan xoşuma gəlmişdi. Yadıma bir şey də düşdü: "Seyran Xanlarov, Yağlıvənd kənd orta məktəbinin onuncu sinif şagirdi" - dəyişə-dəyişə gedirdik də... Dəyişməyən bircə Seyran Xanlarov idi ki, onu da Qasım müəllim dəyişib "Seyran Səxavət" eləyəcəkdi...

Dərs qurtaran kimi universitetdən çıxdıq, Kommunist küçəsi ilə aşağı düşüb Nizaminin heykəlinin arxasından sola burulduq, "Azərnəşr"in, Mərkəzi Univermağın qabağından keçib, bayaq mən dediyim yerə çatdıq: Qasım müəllimin qapısının ağzında idik. Aydın zəngi basdı. İçəridən qapının dalına gələn yol mənə çox uzun gəldi. Əslində isə, bir su içim saat çəkmədi.

Qapını Qasım müəllim özü açanda mən təəccübləndim ki, evdə ondan başqa bir adam-zad yoxdu ki, bu boyda kişi qapını özü açır? Onun üzü gülürdü və şəkildəki zəhmli kişidən əsər-əlamət qalmamışdı. Aydın da gülə-gülə çönüb mənə baxdı: yəni, gördün, mən deyən düz çıxdı. O, bizi içəri dəvət elədi. Biz keçib Qasım müəllimin iş otağında əyləşdik: burda nə qədər kitab var idi, elə bil evə yox, kitabxanaya gəlmişdik. Qasım müəllim gəlib çıxana qədər Aydın yol boyu mənə dediklərini bir də təkrar elədi:

- Qorxma. Ürəkli ol. Şeirini oxuyanda ayağa dur, özü də bərkdən oxu. Elə bil camaatın qabağında çıxış eləyirsən. Bir də ki...

Qasım müəllim içəri girdi. Aydının sözü yarımçıq qaldı. Görəsən, nə deyəcəkdi? Bəlkə ən vacib sözləri axıra saxlamışdı, hə?! Artıq gec idi.

Qasım müəllim məni xeyli sorğu-suala tutdu. Hardan gəlmisən, ata-anan kimdi, neçə uşaqsınız, hansı şairlərin əsərlərini oxumusan və s... Lap axırda da dedi ki, sonra da mən təzə şeirlərimi sənə oxuyaram, fikrini deyərsən, cavanların münasibəti çox maraqlıdı. Ən çox xoşuma gələn də elə bu oldu, bu boyda kişi mənə şeir oxuyacaq ki, fikrimi bilsin.

Sonra isə Qasım müəllim öz kiçik eyvanında öz əliynən bizə kabab çəkdi. Üçümüz də süfrə arxasında əyləşdik. Qasım müəllim də, Aydın da iştah nümayiş elətdirib kabab yeyirdilər, mən isə midilənirdim, kabab yemirdim, kabab məni yeyirdi. Qasım müəllim mənə nə qədər üz versə də, çox sıxılırdım. Şeirlərimin onun xoşuna gəlməsi də məni bu məngənənin arasından dartıb çıxara bilmirdi, elə bil hansısa Amerika yazıçısının əsərindən mənə məlum olan elektrik stulunun üstündə oturmuşdum. Sadəcə olaraq, ya bu "elektrik stulu"nun düyməsi yox idi, ya da ki, xarab idi, işləmirdi, muzeydən gətirib qoymuşdular Qasım müəllimgilin qonaq otağına. Mənim vəziyyətim, heç bir səbəb olmasa da, belə idi. Və bu vəziyyətdən çıxmağın ancaq bir yolu qalırdı - tezliklə burdan çıxıb getmək, şəhərdə veyillənə-veyillənə ürək dolusu, azad nəfəs almaq. Mən özümü zorlayıb içimdən keçənləri biruzə verməməyə çalışırdım, çünki Qasım müəllimin zəhmətinə heyifım gəlirdi.

Qasım Qasımzadəni Azərbaycanda tanımayan yoxdu. Mən bu görüşə çox təəccüblənirdim. Bir var adamın şeirini qəzetdə oxuyasan, bir də var onun ocağının yuxarı başında oturub onun bişirdiyi kababdan yeyəsən, axı, bunlar çox fərqli idi. Bax, elə məni təəccübləndirən də bu fərq idi. İndikiləri heç nə ilə təəccübləndirmək mümkün deyil, bu çox pisdi, təəccüblənə bilməmək sənin haqqında çıxarılmış ölüm hökmünə bərabərdi. Yalnız ölülər təəccüblənə bilmirlər - indikilər də gəzən ölülərdi! Belə çıxır ki, bəşəriyyət ölümqabağı gəzintiyə çıxıb, qoy gəzsinlər!

Təxminən bir aydan sonra "Azərbaycan gəncləri" qəzetində Qasım Qasımzadənin mənim haqqımda yazdığı məqalə, altda şeirlərim, yuxarıda da şəklim işıq üzü gördü. O vaxt ədəbiyyat aləmində belə bir dəb düşmüşdü. Yaşlı nəsil əlinə təzəcə qələm alan gənclər haqqında "Uğurlu yol" yazıb onları oxuculara təqdim eləyirdilər, xeyir-dua verirdilər. Mənim də xeyir-duamı Aydın Abdullayevin səbəbkarlığı ilə Qasım Qasımzadə vermişdi. O gündən təxminən qırx beş il keçib. Və əgər bu qırx beş ildə ədəbiyyat deyilən hüdudsuz, səmavi ərazidə mən bircə həftə kişi kimi hərlənmişəmsə, bu, Qasım Qasımzadənin ana südü kimi halal-xoşudu...

Çox sonralar mən Qasım Qasımzadənin növbəti şeir kitablarından biri haqqında "Ədəbiyyat və incəsənət" qəzetində böyük bir məqalə çap elətdirdim. Mənim sizə bir andım yoxdu, ancaq inanın ki, bu məqaləni yazanda Qasım müəllimin borcundan çıxmaq, yaxud onun cüzi bir hissəsini qaytarmaq fikrim olmayıb. Niyə? Əvvəla ona görə ki, Qasım müəllim elədiyi yaxşılığı mənə borc verməmişdi ki, mən də onu qaytarım, bu bir. İkinci, elə borclar var ki, onu heç vaxt qaytarmaq olmur və bunun əsl adı borc yox, haqqı-saydı...

Yenə də, çox sonralar Qasım müəllimin köməyi ilə şahənşah Məhəmməd Rza Pəhləvinin vaxtında iki il İranda tərcüməçi işlədim. O vaxtkı ali və orta ixtisas təhsili nazirliyində, xarici əlaqələr şöbəsində Qasım müəllimin Aida adlı suyuşirin, sarışın bir aspirantı işləyirdi. Qasım müəllim məni onun yanına apardı, dedi ki, Seyran mənim əzizimdi, ona kömək elə - ikicə kəlmə. Aradan beş-altı ay keçəndən sonra məni Mossovetə (Moskva Soveti) çağırdılar. Moskva-Tehran təyyarəsinə əyləşib İrana yola düşdüm. Ətraflı heç nə demək istəmirəm, çünki bu barədə "Daş evlər" romanımda Akif Meşəbəyioğlu obrazının dili ilə çox mətləblər açıqlanıb. Yeri gəlmişkən, mən dünyanın poeziya, şeir paytaxtı hesab etdiyim İranda şeirdən nəsrə keçdim, "Hamı elə bilirdi ki..." adlı ilk hekayəmi İsfahanda yazdım, Bakıya göndərdim və "Ədəbiyyat və incəsənət" qəzetinin Üzeyir Hacıbəyov yubiley nömrəsində çap olundu. Bu hekayəni oxuyan Əkrəm Əylislidən və Ramiz Rövşəndən də şərikli bir məktub aldım ki, "Sənin bu hekayən Folkner səviyyəsində yazılıb". Boynuma alıram ki, o vaxt Folknerin adını da eşitməmişdim...

Bir gün universitetdə hündür, heykəlli, sir-sifətindən yorğunluq, bir az da çaşqınlıq tökülən bir oğlan mənə yaxınlaşdı.

- Salam, - dedi.

- Salam, - dedim.

- Mənim adım Nüsrətdi.

- Mən də Seyran.

- Bilirəm, - o, gülümsədi, - sənnən tanış olmaq istəyirəm...

Biz artıq tanış olmuşduq. Ancaq bu oğlanın istəyi ilə təzədən tanış olduq. Kəndin abır-həyası üstündə idi, çəkinə-çəkinə danışırdı.

- Vaxtın var? - dedi.

- Vaxt nə qədər istəyirsən.

- Bir söhbət eləsəm, qulaq asarsan? - Nüsrət dedi.

- Asaram...

- Deməli... beş-altı gün bundan qabaq kənddə qoyun otarırdım. Bir də gördüm ki, şumluqda bir qəzet parçası var. Bekarçılıqdan götürüb baxdım, gördüm Qasım Qasımzadənin sənin haqqında yazısı, şəklin, şeirlərin. Orda yazılmışdı ki, sən qırx altı təvəllüdsən, düzdü?

- Hə... - mən dedim.

- Mən çox pis oldum. Fikirləşdim ki, bu da qırx altı, mən də. Mən şumluqda qoyun otarıram, ancaq bu Bakıda şairdi. Qoyunları qabağıma qatıb evə gəldim, məni nənəm saxlayır, nənəmə dedim ki, nənə, qoyun-quzuynan qurtardım, özünə ayrı adam tap, mən gedirəm Bakıya şair olmağa. Nənəm qabaqca inanmadı, güldü, ancaq mən heyvanların daşını atdım, çıxdım gəldim... - deyib gözünü ehtiyatla üzümə zillədi.

İstədim deyəm ki, bütün bunların mənə nə dəxli var, demədim, ürəyim gəlmədi, başqa söz dedim:

- Hardan gəlmisən?

- Qazax tərəfdən...

- Fikrin nədi?

- İşləyə-işləyə oxumaq istəyirəm, mən də sənin kimi universitetdə oxumaq istəyirəm.

- Deməli, oxumursan?

- Yox... - dedi.

- Bəs harda işləyirsən?

- İşləmirəm. Təzə gəlmişəm.

Mən özümü dünyanın yiyəsi kimi dartıb dedim:

- İndi mən neyləməliyəm?

- Şeir oxuyum, qulaq as, gör içində bir şey var? Varsa qalıram Bakıda, yoxsa qayıdıb gedirəm nənəmin yanına.

Mərtəbələri ələk-vələk eləyib boş sinif otağı tapdıq, içəri keçdik, qapını da örtdük. Mən keçib müəllimin yerində oturdum. Nüsrət ayaq üstə qalmışdı.

- Şeirlərin hanı? - dedim.

- Dəftəri gətirməmişəm, ancaq çoxusunu əzbər bilirəm, deyim? - Ədəb-ərkanla üzümə baxdı.

- Yaxşı... de görək... - deyəsən bir az da minnət qoydum, - onsuz da Qazax tərəfdə hamı şeir yazır də...

Nüsrət ayaq üstə yazı taxtasına, pəncərəyə, döşəməyə, lap axırda da mənə baxıb başladı və başlayan kimi də ona çox diqqətlə qulaq asdığımı görüb get-gedə səsini qaldırır, köndələndə üzən adam kimi əl-qol atırdı. Dəqiq yadımda deyil, təxminən səkkiz-on şeir oxudu, hamısı da məhəbbətdən. O yaşda adamın həyatda sevgidən başqa heç bir problemi olmur axı. Olsa da yan keçir, yaxın düşmür.

İlk baxışda onun oxuduğu şeirlərə qətiyyən dəxli olmayan bir sual verdim:

- Dedin ki nə vaxt doğulmusan?

- 1946-da...

- Hansı ayda?

- Dekabrın iyirmi doqquzunda, sənnən doqquz ay balacayam...

- Bəs harda qalırsan?

- Bir yerlimiz var, onun yanında qalıram, aşıqdı. Məni işə düzəldəcək... bir-iki aydan sonra da universitetə imtahan verəcəm.

- Yaxşı hazırlaş, - dedim.

- Yaxşı, - söz verdi.

Mən gülüb ona dedim:

- Nənənə nə cür dedin?

O, bir an çaşıb, yadına saldı. Elə bil çaşmasaydı, yadına düşməzdi, dedi:

- Nənəmə dedim ki, gedirəm Bakıya şair olmağa... - Özü də güldü.

- Bəs nənən nə dedi?

- Dedi ki, əgər şair olassansa, get. Pul da verdi bir az...

- Gecikmisən, - deyib onun üzünə baxdım, elə pis oldu ki...

- Niyə?

- Çünki sən 1946-cı il dekabrın iyirmi doqquzundan şairsən... doğulandan... Bakıya hazır gəlmisən... şairsən... Bakı adamı şair eləmir ha... Bakı adamı şair eləsəydi, bakılıların hamısı şair olardı də...

- Doğru deyirsən? - O, elə sevindi ki... elə sevindi ki, mən də ona qoşuldum. O, yazdıqlarına sevinirdi, mən də onun sevinməyinə...

Nüsrət yaxına gəlib məni qucaqladı. Bu, qucaqlaşmaqdan çox iki adamın qovuşmasına daha çox oxşayırdı. Gözləri də dolmuşdu, dedi:

- Sağ ol.

- Sən sağ ol, - dedim, - bu şeirləri sən yazmısan, mən yazmamışam ki...

- Sağ ol, sağ ol, - Nüsrət dilləndi.

- Sən də sağ ol... Sentyabrda görüşərik, səni apararam Qasım Qasımzadənin yanına, şeirlərin onun xoşuna gələcək. Xahiş eləyərəm ki, sənin haqqında da bir şey yazsın, şeirlərini çap elətdirsin.

Bu, Əyyubov Nüsrət, sonralar hamımızın yaxşı tanıdığı, gözəl şairimiz Nüsrət Kəsəmənli idi.

Nüsrət işə düzələ bilmədi, ancaq universitetin jurnalistika fakültəsinə daxil oldu. Danışdığımız kimi mən onu Qasım müəllimin evinə apardım. Aydın Abdullayev məni aparan kimi. Onun şeirləri Qasım müəllimin çox xoşuna gəldi, Nüsrət haqqında böyük bir "Uğurlu yol" yazıb "Azərbaycan gəncləri" qəzetində çap elətdirdi, ona da xeyir-dua verdi, necə ki, Ramiz Rövşənə, mənə, lap sonralar isə mənim vasitəmlə Zülfiqar Şahsevənliyə xeyir-dua vermişdi.

1993-cü ilin iyul ayında gəzə-gəzə ata-baba dostumuz, inşaatçı Bədəlov İlyas Bayram oğlunun iş yerinə getdim. O vaxt xarici ölkələrlə telefon əlaqəsi saxlamaq indiki kimi asan deyildi. Qasım müəllim Türkiyədə xəstəxanada yatırdı. Cibimdən Qasım müəllimin Türkiyədəki telefon nömrəsi yazılmış bir əlcə kağızı çıxarıb İlyasa göstərdim:

- İlyas, - dedim, - Türkiyə ilə danışmaq istəyirəm, dostum xəstəxanadadı. Qasım Qasımzadə.

- "Olmaz-olmaz" mahnısının sözlərini yazan? - Üzümə baxdı.

- Hə...

- Bu saat... indi danışarsan, - İlyas dedi.

Beş-on dəqiqə keçməmiş İlyas dəstəyi mənə uzatdı:

- Ala, - dedi, - zəng gedir.

Türkiyədən, telefonun o başından səs gəldi:

- Bəli.

- Qasım müəllim, salam, Seyrandı.

Qasım müəllim bərk sevindi, o mənimlə elə hal-əhval tutdu ki, elə bil mən ona yox, o mənə zəng eləmişdi, elə bil xəstə o yox, mən idim. Təxminən on-on iki dəqiqə danışdıq. Lap axırda dedi ki, "sağ ol, ay Seyran, sənin bu zəngin ömrümü bir az uzatdı".

Mən dedim:

- Qasım müəllim, onda icazə versəniz tez-tez zəng eləyərdim, təki ömrünüz uzansın...

- Çox sağ ol, - dedi, - zəhmət çəkmə... bu, bir dəfə olur... heylə olsaydı nə vardı ki...

Sağollaşdıq. Qasım müəllimin "bu, bir dəfə olur... heylə olsaydı nə vardı ki..." deməsi məni yaman göynətdi. Sonra göynəyə-göynəyə İlyasa təşəkkür elədim. Sonra göynəyə-göynəyə İlyasa Qasım müəllimin böyük insanlığından xeyli danışdım, o da xeyli qulaq asdı, Allahdan ona şəfa dilədi.

...Bu gün biz yetənə böyük insan deyirik - ələlxüsus da böyük var-dövlət sahibi olan adamlara - olsun. Ancaq kiçik insanların əlindəki böyük var-dövlət, imkan özlərinə, özününkülərə, kiçik məqsədlərə və ən geniş halda, şərə xidmət eləyir. Böyük insanların əlindəki kiçik imkanlar isə hamıya, ən yaxşı halda, xeyirə xidmət eləyir - fərq burdadı.

Qasım Qasımzadə Böyük İnsan idi, xeyirxahlıqdan yoğrulmuş bir tarixi abidə idi. Bunu duymaq üçün uzağa getmək, dağa-daşa düşmək lazım deyil - bu gün Qasım müəllimin yeri görünür, yeri boş qalıb - elə bu, bəsdi - kişi yeri... Əgər kişi yeri - vakansiya boş qalırsa, əvvəl-axır millətin üzü yoxuşa dirənir, millət təngnəfəs olur, nəfəsi tıncıxır, yarı yolda çökür, bir addım da ata bilmir...

Və bu mənada, təəssüflər olsun ki, Qasım müəllim tək deyil, çox kişi yerləri - vakansiyalar boş qalıb - boşluqdu, dörd bir tərəf boşluqla doludu...