Qafar Cəfərli : - KREDİT AZARI 

YAZARLAR 13:59 / 23.03.2025 Baxış sayı: 5096

                                                   (Hekayə)

Son illərdə insanlarımız bir azara mübtəla olublar: qadınlı-kişili ehtiyac oldu, olmadı kreditə cumurlar. İndi krediti olmayanı barmaqla göstərmək olar. Əslində insanları buna görə qınamaq da insafdan deyil. İşsizlik, aşağı maaş və pensiya, uşaq pulunun olmaması və digər səbəblərdən ailələrdə problemlər aşıb-daşır. Belə vəziyyətdə kredit insanlara gözəllik ilahəsi Afrodita kimi görünür. (Bilməyənlər üçün deyim ki, Afrodita sözü yunanca “köpükdən yaranmış” mənasını verir ki, bu da elə "kredit" sözü ilə hardasa eyni anlama gəlir.) Əslində humanitar məqsədə xidmət etməli olan banklar fürsətdən yararlanıb insanların başını küt bıçaqla kəsirlər. Əsas bankın qapısından içəri keçməkdir. Bir anın içində sehrli bir məkana düşmüş kimi özünü hiss edirsən. Reklam lövhələri insanın bütün varlığına sahib çıxır. Adlar o qədər cəlbedicidir ki, seçim belə etməyə çətinlik çəkirsən. Bank işçisi də çox sakit və mədəni formada təklifləri ard-arda qulağına oxuyur:

-Asan kredit, tək şəxsiyyət vəsiqəsi ilə kredit, zaminsiz kredit, faizsiz kredit, komissiyonsuz kredit, girovsuz kredit,...

Və bir də ayılırsan ki, lupa ilə belə oxunması müşkül olan müqaviləyə artıq qol atmısan. Pulların ətri isə səni uzaqdan vurur. Elə ki, cibində pul bankdan çıxdın, sanki göyün yeddinci qatındasan. Bir-iki ay firavan yaşayırsan ki, sənə qalan da elə o olur. Sonrası nağıl kimi olaylar başlayır...

Oğlunun kredit götürməyindən beş aydan sonra xəbər tutan Qafur kişi ilə bank işçisi arasında belə bir dialoq oldu:

-Alo, salam.

-Salam.

-Sizi bankdan narahat edirəm.

-Buyurun, eşidirəm.

-Siz Rəşadın atasısınız?

-Bəli. Nə olub ki?

-Oğlunuz bankımızdan kredit götürüb, iki aydan çoxdur ki, ödəmə etmir.Telefon zəngimizə də cavab vermir.

-Başa düşdüm. Oğlumun 30 yaşı var. Müstəqil adamdır. Bunu mənə niyə deyirsiz ki?

-Ona görə ki, o sizin mobil nömrənizi verib və sizi zamin saxlayıb.

-Necə məni zamin saxlaya bilər ki, mənim bundan xəbərim yoxdur.

-Ağsaqqal fərq eləmir. Siz Rəşadın atası deyilsiniz?

-Ay bala, atasıyam, amma axı mən ona zamin durmamışam.

-Siz onun valideynisiz. Oğul sizindir. (Ciddi səslə). Onu tapın, deyin ki, banka borcunu ödəsin. Əks halda ikiniz də məsuliyyət daşıyacaqsız.

-Mən sizə heç bir köməklik göstərə bilmərəm. Özünüz tapın və borcu tələb edin.

-Ağsaqqal bu nə danışıqdır? Oğlunuza siz cavbdehsiz.

-Ay bala, mən 30 yaşlı kişiyə necə cavabdeh ola bilərəm?

-Cavabdeh olmalısınız. Uşağa vaxtında tərbiyə vermək lazım idi. Başlı-başına buraxırsınız, sonra öhdəsindən gələ bilmirsiz.

-Mənim oğlumdan şikayətim yoxdur.

-Görünür oğlunun bu hərəkəti sizin də ürəyinizcədir. Oğlun sizi eşitsəydi, sizdən qorxusu olsaydı belə etməzdi.

-O boyda kişiyə mən neyləyə bilərəm ki.

-(Ciddi,bir az da əsəbi səslə). Mənim belə oğlum olsaydı, başını kəsərdim. Ona elə bir dərs verərdim ki, ömrü boyu qarşımda faraqat dayanardı. Oğlan gərək atasından qorxsun.

-Övladdı deyə heç nə etmək olmur, ay bala. Bir də ki, indiki gənclər fərqli yaşamaq istəyirlər. Valideyni eşitmirlər. Heç kimdən də qorxmurlar.

-Eşitməlidirlər və qorxmalıdırlar ağsaqqal. Görünür siz yerində deyilsiniz.

-Yəqin atan yaşında olaram. De görüm neçə uşağın var?

-İki qızım var.

-Allah saxlasın. Onda de görüm, atan harda işləyib?

-Hərbiçi olub.

-Sən özün necə uşaq olmusan?

-(Bir anlıq sükut. Gülə-gülə). Çox dəcəl. Hər gün dava-dalaş, hər gün narazılıq, söz-söhbət. Məktəb əlimdən bezmişdi. Universiteti də demək olar ki, atam “oxudu”, diplomu mən aldım. Yazıq kişi əlimdən qan ağlayırdı. Elə mənim dərdimlə də öldü.

-Allah rəhmət eləsin.

-(Kədərli səslə) Hər həftə məzarı üstə gedib bağışlanmağımı xahiş edirəm. Bilmirəm, məni bağışlayıb, yoxsa yox.

-Bağışlayar bala. Narahat olma . Gördün ki, övlada heç nə etmək olmur. Amma sən hər həftə atanın məzarını ziyarət elə. Bəlkə vicdanın rahatlıq tapar.

-(Qüssə dolu səslə) Başa düşdüm. (Susur). Amma borcu ödəyin də... Xahiş edirəm.

Lənkəran. 19.03.2025.