Vasif Süleynan  - MƏN SƏNƏ İLAHİ ŞEİR YAZACAM

Ədəbiyyat 12:24 / 05.12.2025 Baxış sayı: 440

 

İndi yazaramsa, bu “şər” olacaq,

Düşməsə yazmaram, düşər… Olacaq…

Çəkəcəm ilhamı dar ağacına,

Vərəqdə elə bir məhşər olacaq-

Mən sənə ilahi şeir yazacam.

Bəlkə də misrası dodağındadı,

Bölgüsü, hecası sorağındadı.

Belə bir şeirin yazı masası,

Dünyanın ən xoşbəxt bucağındadı-

Mən sənə ilahi şeir yazacam.

Ürəyim yazacaq, neyləmək olar,

İlhamı saxlayıb əyləmək olar…

O qədər SƏN deyib şeir yazmışam,

Birini yüz qıza söyləmək olar-

Mən sənə ilahi şeir yazacam.

Dinib-danışanda sözün ilahi,

Bu dərdə dözməyə dözüm - ilahi.

Adi söz demərəm adiləşəsən,

Təpədən-dırnağa özün ilahi-

Mən sənə ilahi şeir yazacam.

Həsrətin, heyrətin sonu bu yazda,

Şeirnən gələydi bizə muraz da.

Qurtarım qəlbimi üzüntülərdən,

Dözmüsən bu qədər, gözlə bir az da-

Mən sənə ilahi şeir yazacam.