Sevgin əlimdən tutur! -Əbülfət Mədətoğlunun şeirləri

Ədəbiyyat 16:22 / 25.11.2025 Baxış sayı: 2454

 

 

Həsrətim

 

Dilə tutdum, bir günlük -

Dincələcək həsrətim...

Bu bir gündə ömürlük -

İncələcək həsrətim...

 

İçimdə eşq adlı nur

Sevgin əlimdən tutur!

Mənim inancım budur -

Gün gələcək, Həsrətim!

 

Bu yol - Ona getdiyim

Hər an biət etdiyim ...

Sənə də mən yetdiyim

Din, gələcəki həsrətim!..

 

Ovudur incik ruhu,

Yaddaşımdakı qoxu...

Suya dediyim yuxu -

Çin gələcək, həsrətim!

 

DÜŞMÜR

 

Hər şey nağıl kimidi

Sonunda alma düşmür...

Sayıram on barmağı -

Onunda alma düşmür!

 

Bəxtimdə bir qız varmış

Eşqi ruha sızarmış...

O, yanağı qızarmış -

Donunda, alma düşmür!..

 

Gün doğsa da baxtına

Çıxsa da "YAR" taxtına ...

Demək sevmək vaxtına -

Onun da , alma düşmür!..

 

Yoluma çökən duman

 

Ağzınacan doldurubdu dərəni

Bağlayıbdı bütün bəndi - bərəni...

Çaşdırıbdı, bildiyi tək, hərəni -

qatı duman...

 

Dörd tərəfi zülmətinə bükübdü

Qaıc-qarıc, ləpir ləpir çökübdü...

Ağırlığın sanki yola tökübdü -

qatil duman!..

 

İşıq yarmır, göz də seçmir , əl də boş

Belə durum kimə gələr axı xoş?!.

İstəyirsən şəninə lap şeir qoş -

qatı duman!

 

Bu halımda həm təlaş var, həm kədər

Zaman qaıb görüşümə an qədər!

Yubadırsan məni vallah. sən hədər -

qatı duman...