Sabir Zəkullaoğlu :- Dadaş  müəllim...

YAZARLAR 20:24 / 16.08.2025 Baxış sayı: 21638

Dadaş müəllim riyaziyyat müəllimi olsa da ədəbiyyata daha çox meylliydi. İstənilən mövzuda şeiri vurma cədvəli kimi əzbərdən demək kimi bir şakəri var. Ola bilsin onun bu peşəni seçməsinə əsas səbəb də məhz onun xarakteri idi.

Dadaş kiçik yaşlarından düz danışar, fikrini qısa çatdırmağı sevərdi. Riyaziyyat hər nə qədər olmasa da konkretliyıə yaxın, dəqiq elmdir.

Doğrudur, riyaziyyatda da üçü ikiyə böləndə bir qalıq qalır. Ancaq hər halda bu bir tarix elmi qədər də saxtalaşdırılmayıb. Hələ ki, əsrlərdir bir olaraq da qalıb.

Riyaziyyatda bu qalıqlar həmişə Dadaş müəllimi narahat edirdi.

Bu narahatlıq onu gətirib əməlli başlı ateist eləmişdi. Baxmayaraq ki doğulduğu və yaşadığı ərazi Əbəlfəzin monopoliyasında idi. Hər kəs o ərazidə namaz qılar, dinə ibadət edər, Əbəlfəzə and içərdilər.

Dadaş müəllim isə ibadət eləmək üçün qiblə axtarırdı. Yaşı əlliyə çatsa da hələ ki o özü üçün bir qiblə tapa bilməmişdi. Kənd adamı idi. Hamı kimi onun da üç - beş qoyunu, altı keçisi bir inəyi var idi.

Doğrusu, Dadaş müəllim dost canlı olduğu üçün, hər qonağı gələndə, bu keçiləri həddi buluğa çatmamış kəsib dostlarla həzmi - rab edərdi. Yəni təsərrüfat adamı deyildi. Ancaq kənddə yaşayırsansa elnən sürünməsən də palaza bürünməlisən. Onun evi yamacın lap döşündə idi. Yamacın arxa tərəfi Dadaş müəllimin əkin yeri idi.

Dadaş müəllim gözünü açandanı o torpağa bir az noxud, bir az mərci, qalan hissəsinə isə buğda əkərdi ki, çörək qıtlığı yaşamasın.

Bəlkə başqa daha məhsuldar bir şey də əkmək olardı. Ancaq Dadaş müəllim milli adət - ənənəni pozmaq istəmirdi. Baxmayaraq ki, onun əkin yerində bulaq da var idi. Hansı ki, burda yaxşı bostan becərmək olardi. Onun əkdiyi noxud, mərci isə əziyyətdən başqa bir şey deyildi.

Məhsuldarlıq çox aşağı olurdu. Ancaq satmağa əl verməsə də, heç olmasa hər il pivəylə içməyə bəs edəcək qədər noxud tədarük edə bilirdi. Tez - tez evinin qabağındakı gədiyə çıxan Dadaş müəllim, əkin sahəsinə də baş çəkirdi. Əkin yerini mal qara o qədər otlamışdı ki, artıq əkin yeri örüş yerinə oxşayırdı. Görünür bu ərazini qonşulardan kimsə otarırdı. Əkin yeri gərçəkdən mal yatağına bənzəyirdi. Bu gedişlə bu il, bu sahədən heç pivəylə içməyə də noxud əldə etmək mümkün olmayacaqdı.

Odur ki, Dadaş müəllim bu gecə yatmadı.

Gecənin bir aləmi tüfəngini çiyninə asıb getdi əkini yoxlamağa.

Bəli. Elə əkin yerinə çatan kimi qapı qonşusu Məşədi Mürsəlin ala inəyi onu qarşıladı. Ha göz gəzdirdisədə Məşədini gözü çalmadı.

Ayın işığında bir nəfərin əyilib durması və bu adamın kölgəsi Dadaş müəllimi bərk qorxutdu.

Sən demə artıq sübh namazının vaxtı imiş. Məşədi Mürsəl mal heyvanlarını Dadaş müəllimin əkin yerində yaxşıca doyuzdurub, sübh namazını da qılıb, haydı ya Allah deyib evə getməyə hazırlaşırmış.

Dadaş əvvəlcə Mürsələ yaxınlaşmaq istəsə də, onun namazı batil olmasın deyə, bir az səbr edib ayaq saxladı. Məşədi Mürsəl namazını bitirən kimi Dadaş yaxınlaşıb ona salam verdi.

Hələ üstəlik Allah namazını qəbul etsin də dedi.

Dadaş nə qədər fikirləşdisə Məşədi Mürsələ deməyə tutarlı bir söz tapıb deyə bilmədi.

Bu işdə ona nə ədəbiyyat kömək oldu, nə riyaziyyat.