İslam Türkay - HƏR ŞEYI TƏZƏDƏN BAŞLAYAM GƏRƏK

Ədəbiyyat 08:06 / 05.12.2025 Baxış sayı: 417

 

Ömür-gün əriyir yağan qar kimi,

Yollarda nəfəsim təngiyir daha.

Ömür-gün dönərmi ilk bahar kimi,

Ömür-gün dönərmi durnalar kimi?

Ümidim qalıbdı gələn sabaha--

Hər şeyi təzədən başlayam gərək!..

Ayın sinəsini alıbdı bulud,

Səhərə nə qədər qalıb bilmirəm.

İtən günlərimi ürəyim,unut,

Onu kim əlimdən alıb bilmirəm.

Saçıma qar yağdı ömrün qışından,

Ayrılıb əlimin işsiz işindən,

Ayrılıb gözümün axan yaşından--

Hər şeyi təzədən başlayam gərək!..

 

Gözüm su içməyir bu gələn qışdan,

Bu ayın,bu günün sonu görünmür.

Göylərə baxıram durub obaşdan,-

Günəş hayandadır,hanı,görünmür.

Yatır qar altında yallar-yamaclar,

Yatır mışıl-mışıl bir uşaq kimi.

 

Yazda gül açacaq otlar ,ağaclar

Yaza çıxmaq ücün bu torpaq kimi

Hər şeyi təzədən başlayam gərək!..

Mənə gözdağıdı qoca Savalan,

Elə hey göstərir yağan qarını.

Araz aralıqda dönüb günaha...

Sanki lilli-lilli axıb sabaha

Yuyub təmizləyir günahlarını.

 

Araz tək yumaqçün günahlarımı,

Hələ çox axmalı, durulmalıyam,

Hələ görəmmirəm özüm özümü,

Diklənən yollarda yorulmalıyam!

Hər şeyi təzədən başlayam gərək!..

 

Dağlara dirənir yolumun ağzı,

Bilirəm dizimi daş aparacaq.

Gərək ağlamayam,sızıldamayam,

Ağlasam gözümü yaş aparacaq.

Min ildir yatıram fil qulağında,

Bu yollar hələ çox baş aparacaq...

 

Bu xəzan altında uyuyur ruhum,

Nəvaxt sa göyərib çıxmalıyam mən.

Bir vaxt od oğrusu olubdu adım,

Dünyaya Günəştək baxmalıyam mən-

Hər şeyi təzədən başlayam gərək!..

 

Dəyişib ünvanım, dəyişib adım,

Dəyişib deyəsən yaxınım,yadım.

Qəlbim yad ürəkdə donur , deyəsən,

Adım bir dodaqda yanır deyəsən...

 

Qırıb ruhumdakı buz laylarını

Könlümə-gözümə bahar gələcək.

Dolanıb taleyin dolaylarını,

Alnıma yazılan o yar gələcək...

 

Yetər, yağan qardan,qışdan gileyim,

Yollarıma yağan daşdan gileyim,

Hər şeyi təzədən başlayam gərək!..

Hər şeyi təzədən başlayam gərək!..