Ayaz Arabaçı - Zəng vurmaq yadımdan çıxdı, yenə də
Zəng vurmaq yadımdan çıxdı, yenə də,
Deyim gələmmirəm, gələ bilmirəm..
İşlərim o qədər baş-ayaqdı ki,
Gələ bilməyimi hələ, bilmirəm..
Gərək zəng eləyib deyəydim sənə,
Bir də bu söhbəti uclamayasan.
Məni nahaq yerə suçlamayasan.
Səsin telefonda qırıq-qırıqdı,
Səsin telefonda cırıq-cırıqdı..
Bir günə küsməyə macal tapmısan,
Sən mənə nə gözəl əcəl tapmısan.
Deyirsən bir daha gəlməyəcəyəm-
And olsun Allaha, gəlməyəcəyəm..
Sözdü də deyirsən, ürək gətirər..
Özün gəlməsən də külək gətirər.
Üçə bölünübdü mənim nəfəsim,
Üçə bölünübdü, bu axşam,səsim.
Birini sən eşit,
Birini külək,
Birini… heç kim.
İki Ay görmüşəm bu gecə göydə,
İnana bilirsən, ağlına batmır?
İki ay görmüşəm, mənə də çatmır.
Olarmı bu boyda səhv ola bilməz.
Bu sevda heç nədən məhv ola bilməz.
Rahat adladarıq "bu ağır yası"
Yaxanı buraxsa
Köhnə fikirlərin inersiyası..
Burda bir tərəfdə qatar relsləri,
Başqa bir tərəfdə köpək səsləri..
Qatarlar ovcumun içindən keçir.
Dilimin ucunda bir ad qanayır.
Saata baxıram saat qanayır.
Könlümün bu şerə düşən ahısan.
Sən qara sevdamın ağ günahısan.
Vaxtı neçə yerə bölüm görüşək?
Səninçün nə təhər ölüm?
--Görüşək..