Aləmzər Sadiqqızı - Səni istəməkdir sədaqət...

YAZARLAR 18:09 / 04.12.2025 Baxış sayı: 934

 

İnanmaya-inanmaya inanmaqdı sevgi ...

Olmayacağını bilə-bilə olacağını düşünməkdi... Yoxluğunu yaşaya-yaşaya varlığına şükr etməkdi ...

Səni hər gün qətrə-qətrə öldürənə dua edib ömür istəməkdir Eşq...

Heç bilmədiyin yollardan, ünvanını bilmədiyin diyardan, heç tanımadığı qapıdan gözləməkdir həsrət.

Ona deyəcəyin sözləri bir gülə pıçıldamaqdı, heç bir xatirəsi olmayan evində hər yerdə görməkdir xəyalını...

Bir az Günəşdən küsməkdi, bir az Aya sarılmaqdı, bir az yağısa qoşulmaqdı, küləklə barısmaqdı sənsizlik...

Yeməkləri yandirmaqdı, duz əvəzinə şəkər qatmaqdı. Bəzən ac yatmaqdı yoxluğun...

Udum-udum içməkdi göz yaşını... Bilməməkdi başına hansı xatirəni salmaq...Adam bilməkdi ulduzları, saymaqdı hərdən xoş günlərini...Yadına sala bilməməkdi ötən ömrü. Qarşılamaqdan qorxmaqdı sənsiz gələcəyini... Özünə dərd etməkdi bəzən onsuz öləcəyini...

Bəzən od tutub yanmaqdı üşüdüklərinə.

Bəzən üşüməkdi isti xəyallarına...

Yalvarmaqdı bəzən Tanrıya yaşaya bilmədiyi həyatda yaşamaq istəyini...Beləcə ömür sürməkdi ömürsüzlüyünə doğru...

Butün əzbərlərini pozmaqdı, qürurunu tapdalamaqdı, yaşamaq üçün bir ovuc havaya möhtac olmaqdı məsələn bir qırıq səsinə tutunmaq...unutmağı bacarmamaqdı acizliyinin çırpınışları...

Ancaq orası da var ki, bir gün bütün duyguları sənə miras qoyub köçüb getməkdir durnalarla uzaqlara...Və gedərkən dua etməkdi ardından gəlməyəsən deyə...

Sonra da Allahdan istəməkdir günahlarını bağıslasın...Cənnətdə belə səni istəməkdir sədaqət..