Tural Cəfərli - Yerimi bilirsən, sənsizlikdəyəm,...
Yerimi bilirsən, sənsizlikdəyəm,
Dəyişkən buludlu havalardayam.
Ümidim quş olub, uçubdu çoxdan,
Viranə, boş qalan yuvalardayam.
Yerimi bilirsən, sənsizlikdəyəm,
Çox vaxt haqsız olan qınaqlardayam.
İmtahan edirəm səbrimi hər gün,
Yorğunam, çox ağır sınaqlardayam.
Yerimi bilirsən, sənsizlikdəyəm,
Durna köçündəyəm, bir-bir azıram.
Qafiyə tuturam, söz ovlayıram,
Başına gəlməsin, şeir yazıram.