Coşqun Xəliloğlu - Dənizə daş atmayın
(Neftçi oğlunun dilindən:)
“Günəşli” yatağındakı 10 saylı dəniz özülündə baş vermiş hadisə ilə əlaqədar həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsinə ithaf edirəm:
Dənizə daş atmayın,
O daş atama dəyər,
Atam Xəzərdə batıb,
Bunu bilmirsiz, məgər?
Sevinclə, gülərüzlə,
Yollanmışdı işinə,
Körpəyəm, nə söyləyim,
Fələyin gərdişinə.
Gedən gün məni öpüb ,
Kişi, darıxma, dedi,
Ananın sözünə bax,
Heç vaxt, karıxma, dedi.
Mən də qucaqlayaraq
Öpdüm, onun üzündən,
Fərəh, sevinc yağırdı
Bu vaxt onun gözündən.
Getdi, həmişəki tək,
Xəzərin qucağına,
Bir daha qayıtmadı
Öz doğma ocağına.
Xəzər coşmuşdu yaman,
Külək qəzəblə əsir.
Qəfil qopmuşdu tufan,
Dalğalar əjdaha, şir...
Od-alov bircə anda
Bürümüşdü dörd yanı,
Elə bil, yuxudaydım,
Bəs mənim atam hanı?
Zəhmətkeş idi atam,
Gecə-gündüz çalışdı,
Xəzəri çox sevirdi,
Xəzərə də qarışdı.
Dənizə daş atmayın,
O daş atama dəyər,
Atam Xəzərdə batıb
Bunu bilmirsiz, məgər?
2015-ci il.