Ramin Əliyev QÜSURSUZ Vətən əsgəri

YAZARLAR 09:55 / 05.12.2025 Baxış sayı: 525

 

Astaranın Maşxan kəndində 4 fevral 1977-ci ildə anadan olub.

Bibisi Səriyyə xanımın övladı olmadığından Ramini övladlığa götürüb, boya-başa çatdırıb. 

1983-cü ildən Əfqanıstan müharibəsinin şəhidi Nizami Əliyev adına Maşxan kənd tam orta məktəbində oxumağa başlayıb. 1994-cü ildə həmin məktəbi bitirib.

 

Rus dili müəllimi Laçın Cəfərovun dedikləri: Mən Ramini məktəbli olandan tanımışam. Bu gün onun təkcə şəhid kimi deyil, ləyaqətli şəxsiyyət kimi də qarşısında baş əyirəm. Çox dəyərli, tərbiyəli, təmkinli, mərd idi Ramin. Şərəfimizi özümüzə qaytaranlardan biri oldu. Hər birimiz bir gün öləcəyik, amma biz öləndə dövət himni səslənmir.  Bir şəhidin məzarı önündəsə himnimiz səslənir. Bundan böyük nə ola bilər?

 

Səriyyə xanım onun məktəb illərini ömrünün ən xoşbəxt günləri hesab edir. -Həyatım onda idi. Çox mərd, zəhmətkeş, çalışqan idi. Hərbini seçdi. Hərbiçi olduğundan, az-az görürdüm onu. Hər gəlişi bayram idi mənim üçün. İşini çox sevirdi. Sonda yenə məni tək qoydu” - deyir Səriyyə xanım.

1995-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Həqiqi xidmətini XTQ-də keçib. 1998-ci ildə xidmətini başa vuran Ramin Əliyev hərbi xidmət dövründə heyətin diqqətini çəkir, hörmət qazanır. Özü də hərbini sevir və vətən əsgəri olmağa qərar verir. 2004-cü ilə qədər  Xüsusi Təyinatlılarda xidmət edib. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində MAHHXQ hazırlıq kursunu bitirərək Milli Orduda tank vuranlar taqımına keçir və Ağdamda hərbi xidmətinə davam edir.

 

Ramin Muxtar oğlu tank eleyhinə silahların bilicisi idi.

Bacısı Dilguşə xanım: Konu Raminsə, haqqında günlərlə danışaram, sözüm bitməz. Konu Raminsə dürüstlük, vicdan düşünərsən. Konu Raminsə ürəyim sızlayır, gözüm ağlayır, həm də qürurlanıram qardaşımla.

 Azərbaycan Silahlı Qüvvələrinin sırasında Ermənistanın işğalında olan ərazilərimizin azadlıq savaşında igidliklə döyüşüb.

29 sentyabrda şəhid olub.

 

Döyüş yoldaşı Rüstəm Vəliyev: Şəhidlərimiz hamısı bizim üçün əzizdir. Döyüş meydanına gedən hər bir kəs evinə şəhid kimi dönə bilər - Ramin kimi. Gözümün qarşısında olub, necə döyüşdüyünü gözlərimlə görmüşəm. Dəfələrlə onun igidliyinin şahidi olmuşam. Belə oğullar böyüdənlər var olsun.  Biz həqiqətən dəmir yumruq olduq Ramin kimi oğulların sayəsində. Hər şəhid xalqımızı daha da birləşdirdi Ali Baş Komandanın ətrafında. Xalqımızın birliyini hiss etmək başqa bir duyğuydu. Bunu duyub yaşayırdıq. Bu duyğunu bizə Raminlər yaşatdı.

 

Azərbaycan Ordusunun baş çavuşu Ramin Əliyev Murovdağ  uğrunda ağır döyüşlər zamanı şəhidliyə qovuşub.

“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb. Xidmət dövründə neçə-neçə təşəkkürnamə, fəxri-fərmanları var Ramin Muxtar oğlunun.

Ona “qüsursuz vətən əsgəri” deyirdilər hərbiçi yoldaşları.

2 övladı  böyüyür.

Ömrünün 25 ilini hərbidə xidmət edib.

 

Hazırda Laçında kəşfiyyat taqımının komandiri kimi təqaüdə çıxan XTQ-in baş giziri olan  Valeh Bəşir oğlu Aslanov dostu haqqında danışdı: Birlikdə xidmət keçmişik Ramin Əliyevlə. Qeyri-adi hərbiçi idi. Fikrimizi sözlə deyirik. Ramin hərbiçi kimi öz sözünü silahı ilə deyən bir zabit idi. Çox cəsur idi. Tank əleyhinə silah atıcısı idi. Bir düşmən tankını gözdən qaçırmazdı. O gözümün qarşısında olub həmişə. Aprel döyüşlərində də mərdliklə döyüşdü. Yaralanmışdı, amma onu döyüşdən çıxara bilmədilər. “Sona qədər döyüşəcəyəm” dedi. Onda da şəhidliyi gözə almışdı. Ölümdən qorxmurdu, qorxmurduq... Hərbiçiyik, deməli, hər an döyüşə, ölkən üçün candan keçməyə hazırıq. Şəhidlik bütün rütbələrdən ucadı.

 

Bu vətən sevgisidi. Ramin kimi, Valeh kimi oğulların Vətəni yaşadan sevgisi!