Aləmzər Sadiqqızından İKİ ŞEİR : _- Qurbana Tanrım... Aparır bu gece seller Saranı...
Yenə üz-üzəyik ,yenə bu axşam,
Mən səni görürəm hayana baxsam,
Bir damla yaş olub gözündən axsam...
Olaram yolunda pərvanə, Tanrım...
Ey mənim dünyada ən böyük eşqim,
Ən böyük dayağım,
,ən gözəl şeirim,
Yuxumda sən məni Sarvan seçmişdin,
Sənə qonaq gələn karvana Tanrım.
Mən sənin ən adil qulun, kölənəm...
Səninçün yaşayan sənçün ölənəm,
Dərdimi həmişə sənlə bölənəm,
Gəlmişəm yolunda qurbana, Tanrım.
5.12.2024.
Aparır bu gece seller Saranı...
Buludlar ələyir gözünün yaşın,
Gör necə ağlayır güllər Saranı.
Səsi ağı deyir, bayatı deyir,
Aparır bu gece seller Saranı...
Alıb ağuşuna xatirə seli,
Körpətək hıçqırır hey dəli-dəli,
Əsir ürəyində zamanın yeli,
Min ildi ağlayır ellər Saranı...
Bir payız yağmuru bagrını dəlir,
Dilinin duası göyə yüksəlir,
Mələklər əyilib salama gəlir,
Oxşayır, ovudur dillər Saranı.
Eşqi çiçək kimi mələk analar,
Həm bizə can verər, həm də can alar ...
Ruhunun əliyle qapını çalar,
Öpər gizli-gizli yellər Saranı
Aparar bir gece seller Saranı...
5.12.2025.