Əbülfət Mədətoğlu  -Ürəyim

Ədəbiyyat 08:08 / 01.12.2025 Baxış sayı: 1261

Dəliliyi  tutub, nədi  bilmirəm

Heç sözümə baxmır  yenə  ürəyim...

Mən də  susub, heç  üstünə  gəlmirəm -

Dönüb  hələ  baxmır  mənə  ürəyim!

 

Ovcumdakı  dərmanları  noxud  tək

Oynadıram, sən əlini  məndən  çək!

Sən  açdıqca  təzə  şırım, təzə  lək -

Çevirirəm sözü  dənə  ürəyim!

 

Haqdan əlim, səndən gözüm çəkilməz

Mən dözdüyüm ağrı səsə tökülməz!

Məcnunluğum - naxışımdı - sökülməz -

Bükmə məni duman , çənə ürəyim!

 

Ağır  olur  ediləndə  yanlışlar,

Bu  yanlışdan   kimlər  isə  yanmışlar!

Aramızda  köhnə  dost  var, tanış  var -

Əmanətəm axı  sənə  , ürəyim?!