Vasif Süleyman : - HƏR GECƏ BİR ŞEİR QIRILAN ÖMÜR

Ədəbiyyat 17:09 / 12.12.2024 Baxış sayı: 89

 

Bu da yol ayrıcı, o köhnə dalan,

Sənsiz viran olub yorulan ömür.

Hər səhər bir misra tökülüb qalan,

Hər gecə bir şeir qırılan ömür.

 

Çiçək ömrü kimi qırılır elə,

Kim deyir nəyisə itirmək asan…

Mənim itirdiyim bir yana hələ,

Sən bu ayrılıqdan nə qazanmısan…

 

Nə qəm ki, yuxuya bənzəyir eynən,

Fələk qapımızı daşlayan kimi...

Bir də baxıram ki, səni deyrəm,

Misranı sevgidən başlayan kimi.

 

Sən bu viran ömrün harasındasan,

Həsrətinin dadını kimdən dadmışam...

Sən adda möcüzə vardımı yerdə,

Yoxsa şeirlərnən mən yaratmışam.

 

Gerçək olduğunu mən belə bilməm,

Xəyal kimi sevdim, daha nə kimi...

Sonra danışarlar, fani dünyaya,

Səni saxlayıram əfsanə kimi.

 

Bu da yol ayrıcı, o köhnə dalan,

Sənsiz viran olub yorulan ömür.

Hər səhər bir misra tökülüb qalan,

Hər gecə bir şeir qırılan ömür.