Qəşəm İsabəyli : - SƏRÇƏNİ TANIMIYAN ADAM
(hekayə)
Cəfər Cabbarlı adına Kinostudiyanın Xronika şöbəsində redaktor işləyirdim. Bir səhər, əlimyandı işimiz olmadığından, yığılıb koridorda, söhbət eləyirdik. Məndən başqa daha kim var idi orda, bir az bəstəboy, bir az dolubədən kinooperator Köçəridən yana heç kim yadımda qalmayıb indi. Tappıltı səsinə çevrildik – bir qədər arıq, bir qarış bizdən uca, bir az da boyun tərəfindən beli donqarlaşmış bir adam keçib getdi yanımızdan. Heç salam da vermədi bizə. Köçəri min ilin sirrini deyəcəkmiş kimi pıqqıldayıb gülmək üçün zurna çalanlar kimi ordlarını köpürdüb, qıyılmış gözlərini üzümüzə dikib, başını qabağa əyib, pıçıldadı:
–Gördünüz?!
Orda duranlardan kimi gülümsədi, kimi siqaretinə bir qullab vurub, başını aşağı saldı, kimi də, yəni mən özümü saxlaya bilmədim:
–Nədi ki?
–Sərçəni tanımır ey bu adam.
–O nə deməkdi, ay Köçəri?
– laboratoriyada işləyir, işi-gücü kino-plyonka aşkarlayıb yumaqdı. Həmişə də başı aşağı. Göyə baxmağı da yadından çıxarıb! O qədər vərdiş eləyib işə, imkanı olsa istirahət günü də gələr. Səhərdən girir, bir də axşam çıxır. Baxmayaraq ki, qaratikan kolu kimi düşüb qız-qadınların arasına, elə hırıldayıb gülməyi bilir zalımın balası. Birinin də yanından bir çimdik götürməyir ki, həm barmaqları isti ətə dəysin, həm də qız-qadınlar onlara göstərilən nəvazişdən məmnun olsun. Bir sözlə... kötük. Burdan çıxmağıyla da 400 addım gedib, girir yuvasına girməyi bir olur. Toy bilməz, vay bilməz, araq içməz, siqaret çəkməz, qadınla da məlum... bir sözlə – varlıq.
–Deməli araq içib, siqaret çəkib, qadına tamah salmaqdı həyatın mənası, deyirsən?!
–Bunlar da olmasa, bəs onda niyə gəlmişik dünyaya?!
Gülüşdük.
–Adam kimi yaşamaq lazımdı. – Köçəri koridordan bizə tərəf gələn direktorumuz Fəraməz müəllimi görən kimi nöqtəni qoydu.
–Yenə də nə filosofluq eləyirsən, ay Köçəri?!
–Salam, Fəraməz müəllim, sərçəni tanımayan adamdan danışıram.
–Köçəri, sən mənim canım, onsuz da bilirəm arxamca deyirsən, bəs mənə nə ad qoymusan?
–Yox, Fəraməz müəllim, üz vurmayın!
–Bax, bu dəqiqə çəkilişə getmək lazımdı, desən, səni göndərəcəm, beş-on manat qabağa düşə¬cəksən!
–Qorxuram axı.
–Qorxma!
–Fəraməz müəllim, sizə gözəl ad qoymuşam.
–Nədi?
–“Balamın canı!”
–Ay səni, qırışmal! – Fəraməz müəllim gülə-gülə çıxıb getdi.
–Bəs çəkiliş?
–Yarım saatdan sonra gələrsən yanıma.
–O nə deməkdi, ay Köçəri? – Soruşdum.
–Fəraməz müəllim and içəndə, “balamın canı” deyir həmişə.
***
Hər ilin sonu kinostudiyanı həyəcana salırdı Məlik-Yeqanov. Hazır olun, kadrların ixtisarı gəlir. İxtisardan qorxan kimi də heç nədən qorxmurduq. Axı bu, bir işçini tutduğu vəzifədən azad eləmək deyildi ki, haqqını müdafiə üçün məhkəməyə üz tutasan. Onlarla adam, həmkarlar təşkilatının razılığı ilə bir parça çörəkdən məhrum edilirdi.
Bu söhbətdən bir həftə keçməmiş səhər kinostudiyanın yaşayış binasının qarşısından keçib, işə gələndə, elə bil mənə dedilər, başını qaldır, yuxarı bax. Gördüm bir cüt imdad diləyən göz dikilib üzü¬mə. Belə baxışları dilənçilərdə görmüşdüm əslində. Ürəyimdə “bu kimdi, bu nə istəyir, görəsən”, deyə bir şey anlamadan keçib getdim. 10-15 addımdan sonra yenidən çevrildim arxaya. Bayaqkı adam qəfəsə salınmış aslan kimi balaca balkonda ora-bura vurnuxurdu.
İşə gələndə Allahdan olan kimi Fəxrəddin qarşıma çıxdı.
–Kinostudiyanın yaşayış binasının üçüncü mərtəbəsində bir kişi gördüm, eni-uzunu bir qarış balkonda fırfıra kimi fırlanırdı.
Fəxrəddin sağ əlini gözünün üstünə qoyub, güldü.
–Nəyə gülürsən?!
–Bilmədin kimdi?!
Başımı yellədim.
–Məlik-Yeqanovun qurbanlarındandı. – Qaşlarımı çatdığımı gördü. – “Sərçəni tanımıyan adam”.
–Onu da ixtisara salıblar?
–Bəs nə bilmişdin?!
Bütün günü fikrim o adamın yanında qaldı. Arada ürəyimdə gileylənirdim də: “Belə işgüzar adamı da ixtisara salarlar?!”.
Səhəri günü yenidən yolum Kinostudiyanın yaşayış binasının qarşısından düşdü. Dünənki maraqla başımı qal¬dırıb üçüncü mərtəbəyə baxdım. Balkonda heç kim gözə dəymirdi. Amma evdən zümzüməyə oxşayan səs gəlirdi.
Qapıçı Xanım xalaya “sabahınız xeyir!” deyib, ehtiramla Cəfər Cabbarlının büstünə baxıb, kinostudiyaya girəndə kinooperator Azərlə üz-üzə gəldim.
–Xəbərin var?! – Dedi.
–Nədən?
–Sərçəni tanımayan adam rəhmətə gedib.
10-12.12.2024