Əlisəfa Azayev : - Sahil qəsəbəsində...
Qaradağ rayonunun Sahil qəsəbəsi bizəəziz, doğma bir məkandı. Bakıya hər gəlib-gedəndə yolumuz bu qəsəbənin yanından keçir. Bəlkə də, elə bu səbəbdən burada şamaxılılardan sonra daha çox məskunlaşan kürdəmirlilərdir. Məşhur aparıcı, şair təbiətli qardaşımız Məqsəd Aranlını, şair, neftçi mühəndis Coşqun Xəliloğlunu, şadlıq sarayının sahibləri qardaşları və başqaların göstərmək olar.
Bir vaxtlar o da buradan mənzil alıb, məskunlaşmaq istəmişdi. Di gəl ki, küləkli havada Sement zavodunun bacasından qalxan tüstü-dumanın qəsəbə tərəfə vurduğunu görüb bu fikrindən əl çəkdi. Səd heyif! İndi isə belə deyil. Müstəqillik illərində çox sahələrdə uğurlar əldə olunduğu kimi, bu sahədə də az-çox işlər qaydaya düşdü. Deyilənə görə, yaponlar, yoxsa koreyalılar bu xoşagəlməzliyi yoluna qoya biliblər. Bir sözlə, zavod əsaslı təmir olunub, yenidən qurulub. İndi heç bir tüstü-filan yoxdur. Yox dərəcəsindədir. Varsa da, zavod bacasından aşağı yayılmır.
Bir vaxtlar Siyəzəndə dövlət notariusu işləyəndə oğlu Bakı Biznes Universitetini qurtardı. Daha doğrusu, o, əvvəl ABU-nun tələbəsi idi. Moskva filialı vasitəsilə qəbul olunmuşdu. Üçüncü kursda oxuyanda həmin universitet ləğv olundu. Bir müsibətlə Biznes Universitetinə dəyişdirilə bildi.
İş məsələsi vaxtı idarə rəisindən xahiş elədi. Texnika Bankın Sahil qəsəbəsində notariat kontorunda nümayəndəsi oldu. Hər gəlib-gedəndə oradakı notariusu tərifləyirdi. Xüsusilə oranın kargüzar xanımından razılıq edərdi.
Bir gün bu səbəbdən yolu ora düşəndə, kitabxanaya da baş çəkdi. Qəsəbə kitabxanasının direktorunu az-çox qiyabi tanıyırdı. Ulduz xanım Heybətova sosial şəbəkələrdə fəal idi, tanınırdı. Mənim kimliyimi biləndə səsləndi:
- Nə gözəl, xoş gəlmisiniz!..
Doğrusu, heç bu səmimiyyəti, istiqanlılığı gözləmirdi. Kürdəmirdən olduğumu biləndə dedi:
- Çox yaxşı... Biz də elə Şamaxıdanıq...
- Notarius da Şamaxıdandı.
- Hə... Burada çoxuq... Elə kürdəmirlilərdən də xeyli adam yaşayır burada.
Söhbət zamanı Ulduz xanım dedi:
- Biz beləyik də... Çox vaxt işıqlı tərəfi görmür, hər məsələnin kölgəli tərəfini araşdırmağa daha çox meyilliyik.
- Nə mənada? - soruşdu.
- Burada dinən kimi deyirlər ki, Şamaxıda nə var ey, şordan başqa.
Gülümsər halda dilləndi:
- Nə gözəl... Şordan qiymətli nemət tanımıram... Çox xoşladığım qida məhsuludu.
- Əlbəttə ki... Bəli, onlar Şamaxının dahilərini görmür, ancaq şoru barədə bəhs edirlər. Bilmirlər ki, Şamaxıda altı yüzədək sayılıb-seçilən şairlər olub.
Doğrusu, Ulduz xanımın bu məlumatı onu da təsirləndirən kimi oldu. Səsləndi:
- Şamaxı bir vaxtlar paytaxt... Şahlıq mərkəzi olub da... Şirvanşahların...
- Elə sonra da xanlıq mərkəzi...
- Düzdür...
- Şamaxı son illərə kimi mövqeyli, sayılıb-seçilən rayon olub.
- Bəli, xüsusilə yetmişinci illərdə... Saysız-hesabsız üzüm plantasiyaları göz oxşayar, dağları, yamacları bəzəyərdi.
- O vaxtlar orada Pedaqoji məktəb vardı. Universitetdən seçilməzdi.
- Mən ilk dəfə elə oranı qurtarmışam.
- Çox gözəl...
- Hətta yadımdadı. Yeni qəbul olunmuşlarla görüş idi. Böyük zalda üç yüzədək tələbə cəmləşmişdi. O vaxtlar məktəbin direktoru olan tarix elmləri namizədi Əziz Kərimov builki qəbulun səviyyəsini bilmək üçün sorğu-suala başladı. Əziz müəllim də olduqca hörmətli, şəxsiyyətli, yaraşıqlı bir kişi idi.
- Bəli... Belə deyirlər...
- Birinci suala mən cavab verdim... İkinci, üçüncü suala da... Əyləşməyimi görəndə dilləndi: "Əyləşmə, de görüm hansı rayondan gəlmisən?" Dedim: "Kürdəmir rayonundan". Soruşdu: "Hansı orta məktəbi qurtarmısan?". "Mollakənd kənd orta məktəbini... Tarix müəllimim də İbrahimxəlil Hüseynov olub". Beləcə, müəllimimin adını deməyi özümə borc bildim.
Ulduz xanımla beləcə səmimi söhbətdən sonra vədələşdik ki, burada görüşü keçirilsin. Hətta ondan telefon nömrəsi aldı. Əlaqə saxlamaq üçün. Ancaq di gəl ki, günlər, həftələr, aylar keçsə də, görüş barədə bir söz-söhbət eşitmirdi. Arada həmin kitabxanaya poçtla kitablarından da göndərmişdi. Bu müddətdə Ulduz xanımın sosial şəbəkələrdə yenə fəallığını hiss edirdi. Hətta onun yazıları, özü haqqında xoş sözlər yazır, bildirirdi.
Yaxşı bilirdi ki, elə məsələlər var, kitabxana rəhbərliyindən asılı olmur. Onlara xüsusi tapşırıqlar olurdu. İcazəsiz iş görməsinlər. Belə yerdə Sovet dövrünün iş qayda-qanunları yada düşür. Onda kitabxanalar çox müstəqil idilər. Sərbəst şəkildə tədbirlər keçirirdilər.
Əlbəttə, müstəqillik, azadlıq şərbəti içənlər bəzən yollarını da azdığı üçün, belə məhdudiyyətlər də qoyulası oldu. Ümumi iş, dövlətçilik, haqq-ədalət naminə. Ancaq bunu çox da qabardıb, tətbiq etmək, bəzən də ümumi işəmane olur. Oxucunu yaradıcı insanlardan uzaq salır.
Necə ki, bir vaxt... Orta əsrlərdə. Məşhur italyan portret ustası Tisian Alman kralı V Karlın portretini çəkirmiş. Birdən fırça qocaman rəssamın titrək əlindən yerə düşür. Kral cəld fırçanı yerdən götürüb rəssama verir. Bunu görən əyanlardan biri alnını turşudanda (yəni krala yaraşmaz ki, belə hərəkət etsin), kral deyir: "Mən sizin kimi knyazların gündə neçəsini bir fərmanımla yarada bilərəm, ancaq Tisian kimisini yaratmağa qadir deyiləm". Sənətkara verilən bundan gözəl qiymət haqqında eşitməyib.
Ulduz xanıma bir gün zəng çalanda onun çox kefsiz olduğunu hiss edib soruşdu:
- Nolub belə? Xəstəsiniz?
O, kal bir səslə dilləndi:
- Yox, müəllim... Hüzürlüyük... Yoldaşım rəhmətə gedib.
Təsirlənmiş halda dilləndi:
- Allah rəhmət eləsin.
- Çox sağ olun...
- Eşitməmişəm...
- Haradan eşidəcəkdiniz ki?!.
Neçə gün idi ki, Sahil qəsəbəsinə getməyi qərarlaşdırırdı. Nəhayət ki, bir gün alındı. Elə Kürdəmirdən gələn mikroavtobusdan düşüb, kitabxanaya tərəf üz tutdu. Ulduz xanım hələ qara – yas paltarında idi. Məni görcək heyrətləndi:
- Siz?..
- Bəli...
- Xoş gəlmisiniz...
Ona kədərli halda baş sağlığı verdi. Bunun ən ağır dərd olduğunu dedi. İnsan öz istəklisini itirəndə qanadı qırılmış quşa bənzəyir axı... O, gözləri dolmuş halda dilləndi:
- Çox sağ olun, müəllim. Allah sizinkilərə də rəhmət eləsin.
Sanki bu ağır dərdi bir anlıq da olsun ona unutdurmaq üçün dedi:
- Həyat belədi də... Zəlimxan Yaqub demişkən:
Ağlasan gözünü yaş aparacaq,
Xırmandan denini quş aparacaq,
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.
- Gözəl dəyib...
- Əlbəttə ki...
Sonra Ulduz xanım dedi:
- Bağışlayın, baş qarışıq oldu. Həmişə bura gələn deyilsiniz. Böyük tədbir olan sonra... İndi isə kitabxanaçılar, bələdiyyə, icra nümayəndəliyi işçiləri toplansın, bir görüş keçirək.
Etiraz etmədi:
- Nə deyirəm ki... Məsləhət sizindir.
Beləcə həmin gün bu görüş baş tutdu. Elə kitabxananın zalında cəmləşmişdilər. Ulduz xanım tədbiri açaraq bir qədər onun barədəətraflı məlumat verdi. Sonra da onun söz-söhbəti... Çıxış edənlər sırasında Mehbalı müəllim, Almaz xanım, Lamiyə Niftəliyeva, Günel Yusifova da vardı. Sual-cavablar da xeyli çəkdi. Onları maraqlandıran məsələlərə münasibət bildirdi. Beləcə, çox xoş, gözəl bir görüş alındı.
Tədbirin yekununda zarafatından qalmadı:
- Bax şamaxılılar belədi də... Onlara təkcə şorla qiymət vermək olmaz.
Ulduz xanım gülümsədi:
- Hə də... O boyda şairləri –Xaqanini, Nəsimini, Şirvanini, Sabiri, Abbas Səhhəti görmürlər...
Mən sanki öz ədəbi bağacımı nümayiş etdirəsi oldum:
- Nə deyib: "Mənim adımı çağırmayın Xaqani... Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani..."
- Bəli...
- Nəsimi isə deyib: "Məndə sığar iki cahan... Mən bu cahana sığmazam".
- Düzdür...
- Seyid Əzim Şirvani isə"Köpəyə ehsan" şeirində deyib: "İt demə, o da bizim birimiz... Belə ölmüşlərə fəda dirimiz". Əcəb onda mollalara hörmət varmış. Mollaya əlli qoyun verirlər.
- ...
- Mirzə Ələkbər Sabiri kim tanımır?! Heyif ki, bir vaxtlar Kürdəmirə sabun satmağa gələndə yolda onu soyublar.
- Bu təzə söhbətdi... Eşitməmişəm...
- Haradan eşidəcəkdiniz ki?!. Sabir isə deyib: "Derlər, utan, heç kəsə bir söz demə... Həqq sözü derkən utana bilmirəm... Neyləməli, göz görür, əqlim kəsir... Mən günəşi göydə dana bilmirəm!.."
- Çox gözəl...
- Abbas Səhhət isədemişdir: "... Sevgili məhbubum mənim... Vətənimdir, Vətənimdir, Vətənim... Vətəni sevməyən insan olmaz... Olsa da, il şəxsdə vicdan olmaz!.."
Bu sözlər, sətirlər Ulduz xanıma o qədər xoş gəldi ki, hətta əl çaldı. Məni alqışladı... Ayrılarkən nə qədər təkid etsə də, əyləşmədi. Dedi:
- Şamaxı şoru olsaydı, bəlkə də, əyləşməyə dəyərdi.
- İstəsəniz tapılar.
- Çox sağ olun, sözgəlişi dedim. Tələsirəm... Şəhərdə vacib işlərim var. Başqa vaxt, inşallah...
Ulduz xanım bir şirvanlı səmimiyyəti ilə dedi:
- Müəllim, inanın, mən sizin daha böyük, geniş tədbirinizi təşkil etdirib keçirdəcəyəm.
- Narahat olmayın... Elə bu da kifayətdir...
- Yox... Siz bundan daha böyüklərinə layiqsiniz... Qəsəbə nümayəndəsi ilə də söhbətim olacaq...
Sonra bir neçə şəkil çəkdirmişdilər. Feysbukda yayımlandı. Ulduz xanımla bir yerdə olmaq onun üçün də xoş idi. Səmimi insanları ömrü boyu sevmiş, onlara qayğı göstərmiş, hörmət eləmişdi. Bu şirvanlı qızında, gəlinində elə bil ki, başqalarında olmayan bir istiqanlılıq, yaxınlıq vardı onda. Sanki bu, bu günün, dünənin işi deyildi. Nəsillikcə süzülüb gələn bir ailə şəcərəsinin yaxşı, təmiz, halal tərəflərini nümayiş elətdirirdi o...
Sahil qəsəbəsindən uzaqlaşanda bir daha Sement zavodunun uca qüllələri diqqətini cəlb etdi. Hər yan tüstü-dumansız idi. Yadına bir vaxtlar Siyəzəndə işləyəndə, orada Boru Kəmərləri idarəsinin rəisi olan naxçıvanlı bəy düşdü. Deyilənə görə, indi burada sement zavodunda mühafizə rəisidi. Bir dəfə ona dedi: "Müəllim, inan, mən bura –İcra Hakimiyyətinin iclaslarına daha çox sizin çıxışlara qulaq asmaq üçün gəlirəm".
Doğrudan da, on ildən artıq Siyəzən rayon İcra Hakimiyyətinin sanki mühazirəçisi oldu. Ona hər tədbirdə, yığıncaqda, iclasda söz verərdilər. Bəzən Humanitar sahəyə baxan müavin Rafiq Yarıyev deyərdi: "Əlisəfa müəllim, elə elə ki, çıxışın bir saatdan az olmasın". Onun bu sözləri ona qəribə gələr, deyərdi: "Müəllim, bir saat çıxış olar?" Gülümsərdi: "Axırı elə elə uzun çəksin".
O vaxtlar Siyəzən yeni yaranmış rayon idi. Kadr qıtlığı hiss olunurdu. O isə notarius işləsə də, uzun müddət təşkilatı işdə olmuş, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdi. Hakim məzuniyyətdə olanda hakimi əvəz edərək məhkəməyə sədrlik etmişdi. Elə Siyəzəndə də hakim tutulub həbs olunanda bir ilədək bu vəzifədə oldu.
Bu yazını olduqca yüksək ruh yüksəkliyi içində yazdı. Səbəb o idi ki, Ulu Öndərimiz Heydər Əliyev haqqında yazdığı "Qarlı zirvə" romanı çap olunmuş. Polad Həşimov haqqındakı "General qətiyyəti", Mübariz İbrahimov haqqındakı "Mübariz cəsurluğu" romanları da... Bu günlərdə isə bütün qələbələrimizin müjdəçisi, təşkilatçısı, həyata keçirən Prezidentimiz, Ali Baş Komandanımız, Qarabağ zəfərini, Qarabağı bizim üçün var edən İlham Əliyev cənabları haqqında yazdığım "Böyük Zəfər" romanını tamamlamışam. İnşallah, tezliklə çap olunar, oxuyarsınız!..