Əşrəf Veysəlli : - MƏNİM ANAM
Anam vardı.- yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi üstümə,
Növbaharım qışa döndü axırda.
Mələk kimi səmalardan endi o,
Üzərrik tək başımızda yandı o…
Hara getdik- yol üstünə qondu o,
Ağ xalatlı quşa döndü axırda.
Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar…
Yanağında cığır salan, iz açan
Barmaqları xışa döndü axırda.
Nəvələri gözündən çox sevərdi,
Gec görəndə ürəyini yeyərdi:-
“ Allah, məni daşa döndər” deyərdi,
Mənim anam daşa döndü axırda.