Əbülfət Mədətoğlu : - Söylədiklərim... yazdıqlarım...
Sən bunları duya bilirsənmi?..
Günlərin sırası uzandıqca ötən zamanın arxasınca bir az kövrək, bir az da həsrətlə baxıram. Ona görə ki, o günlər ömür payımdan qopub gedir, üstəlik də çin olmayan yuxularımı, gerçəkləşməyən arzularımı, illah da ki, sənə çatmayan əlimi havada qoyur. Bilmirəm, bu, sınaqdı, yoxsa bəxtimə yazılmış cəza. Hər nədirsə təkcə ağrı deyil, təkcə ümidsizlik deyil, həm də mənim üçün içimdə bir sondur. Elə bir son ki, ordan əvvələ qayıtmaq mümkün deyil. Bəlkə də mümkün olar. Amma sən əlimdən tutmursan, sən səsimə səs vermirsən, sən elə sən olaraq çəkilib durursan kənarda. Lap dan ulduzu kimi. Mən də baxıram. Yalnız baxıram və nə isitmirsən məni, nə də...
Bir nostalji hiss var. O hiss bir anda, bir gündə formalaşmır, zaman-zaman, damla-damla, qətrə-qətrə toplanır, sonra da tumurcuq kimi çiçək açır. Nə yazıq ki, o çiçəyi özündən başqa heç kim görmür, o çiçəkdən kimsənin xəbəri olmur. Və mən də o görünməyən, bilinməyən çiçəyin ətrini heç kimə danışmaqla, pıçıldamaqla göstərə bilmirəm. Axı göz görəndə daha inandırıcı olur. Neyləyim ki, mənim hislərimin açmış çiçəyi elə gözümün içində, ürəyimin hənir, işıq və əl çatmayan yerində saralır. Mən bunların bitməsini, başa çatmasını və yaxud bir də olmamasını... Yəni, bu cür fikirləri ağlımın ucuna da gətirmirəm. Bilirəm ki, olmuşlardan olacaqlara gedən yol həmişə yüklü olub kədərlə, qəmlə, həsrətlə. Bu yolu qət etmək, bu yolun yolçusu olmaq mənə bir daxili ehtiyacdı, ürəyin, ruhun tələbatıdı, hökmüdü. Yəqin siz də etiraf edərsiniz ki, insan nə vaxt ki, özünə, ürəyinə, hisslərinə dostluq, yoldaşlıq, sirdaşlıq edir, onda iç dünyası ilə çöl dünyası bir harmoniya yaradır, bir təmas qurur. O harmoniya da ümidləndirir, inamı artırır.
Mən bu sözləri diktə edərkən elə öz-özümə ürəyimdə də deyirəm ki, kaş bu istəklərim gerçəkləşərdi, kaş düşündüklərim, xəyal etdiklərim reallıq olardı. Amma...
Damarına su qaçıbdı kədərin,
Gizlin-gizlin kirpik vurur, oyanır...
Bəlli olur - özü seçib qədərin -
Yanaqları sarı rəngə boyanır...
Düyün düşüb yaxasında qolları,
"Ah"-larıyla bağrın yarıb daşın da!..
Sağa-sola belə ölçsə yolları -
Çatlayacaq çanağı öz başında!..
Vərəqləyib bu həyatın hər üzün
Ancaq ona do gəlibdi, təklik do...
Göründükcə bitməyən bu vər uzun -
Qınaq yeri olub sonda yenə o!..
Ayamalar, pıçhapıçlar leysandı -
Xoş sözünü deyənsə yox hələ ki...
Quru canı məhəbbətə ehsandı -
Başqa nə var götürəsi ələ ki?!.
Könül pıçıltım olan bu misralarla mən təkrar sözümün əvvəlinə qayıdıram. Demək istəyirəm ki, bu yaşamın, daha doğrusu, mənim özəl dünyamın öz səhnəsini əslində sən yaradırsan, sən ipə-sapa düzürsən, sən nizamlayırsan və sən də bu qurduğum tamaşaya kənardan dayanıb baxırsan. Düşünürsən ki, mən ya Məcnunun, ya Kərəmin, ya Fərhadın, ya da Şekspirin qəhrəmanı olan Romeonun rolunu oynayacam. Onların sevgi həyatını sənin quruluşunu verdiyin tamaşada oynayacam... Yox, əzizim, burda bir az tələsmisən. Mən həyat səhnəsində bəxtimin, qədərimin, alın yazımın, talehimin yazdığı bir sevgi adamı ömrünü yaşayıram. Yəni rol oynamıram, yaşayıram. Bu yaşam da sənin üstünə pərdə çəkdiyin duyğularından, baxışından, yerişindən, duruşundan, səsindən, saç düzümündən, lap elə böyük bir sayqı ilə baxdığım, öpməyə can atdığım barmaqlarından qidalanır. İndi özün fikirləş, bu boyda özəlliyi olan bir sevginin pərvanəsi olmaq nə deməkdir və pərvanəsi olduğum sevginin həyatda təcəssümünü ürəyimlə, ruhumla hiss etməyim hansı anlamı verir. Təbii ki, sənə. Yəni mən sevgimi yaşayıram. Sən onun yanından keçib gedirsən özün-özünü məcbur edərək. Amma fikrin də, nəzərlərin də, hətta ürək çırpıntıların da o sevgi ilə birlikdədir. Bunu duymaq üçün böyük kitablar oxuyub, dünya elmini öyrənmək lazım deyil. Çünki o kitabı hər kəs özü yazıb, özü də oxuyur, elə sən də. Burda bir nüans var, o da sənin və mənim ayrı-ayrılıqda yazdığımız kitabların mövzusunun eyniliyi, qəhrəmanın eyniliyi, yaşantıların eyniliyi, fərqin isə birimizin hər şeyə can ata, digərimizin isə hər şeyi olduğu kimi pünhan saxlamaq istəyidi.
Başa düşürəm, sən sevginin gücündən yayınmaq istəyirsən. Çünki buna könül açdıqca, onu özünə yaxın buraxdıqca özün də bilmədən çevrilirsən o sevginin yaxşı mənada əsirinə. Bax, budur səni uzağa çəkən, uzağa aparan. Elə ona görə də mən hərdən sığındığım söz dünyasından sənə doğru baxanda ürəyimdən gəlib keçir ki, bütün səsimlə hamıya bəyan edim.
Uçur bir təyyarə başımın üstə
İşığı ruhumu süsləyir yaman...
Göyün o üzündən həzin bir bəstə -
Məni bu görüşə səsləyir yaman...
Dönüb pərvanəyə çırpılır oda
Özünü bu anlar tutammır o da!
Allah, sığındığım bu sevgi oda -
Kövrək xatirələr bəsləyir yaman!
Bir kimsə görünmür tay ondan yaxın
Sevinən ürəyin halına baxın!..
Halal mükafatı olan bu çağın -
Ürəyim, gizlincə dəstləyir yaman...
... Sevgi göydən gəlir, ümid qol açır
Sərhəddi keçməyə Allah yol açır!
Limana, havalı bir adam qaçır -
Cinlənmiş həsrət də əsnəyir yaman...
İnanmıram ki, kiməsə zamanı saxlamaq nəsib olub və yaxud olacaq. Amma ötən zamanın ovqatını, xoş anlarını yenidən yaşamaq isə mümkündü.
Onun üçün qarşılıqlı addım atmaq, bir-birinin səsinin, sözünün yanında olmaq əsas şərtdir. Məhz bu fakt insana itirdiyi zamanın az da olsa "qisasını almaq", onu olduğu ovqatın içində yenidən yaşamaq imkanı verir. Bu addımı atanlar mənə görə sevgini ən böyük güc, ən böyük sərvət və nəhayət, ən uca şərəf sayır. Tarix də, ədəbiyyat da, elə içərisində olduğumuz günlər də göstərir ki, kimin qəlbində, kimin ruhunda dağa, daşa, ota, çiçəyə, ağaca, yerə, göyə, bir sözlə, bütün canlı və cansızlara sevgi varsa, onlar heç vaxt diz çökmürlər, sınmırlar. Ona görə ki, onlarla birlikdə sevgi olur. Bu da güc deməkdi, güvən deməkdi. Təbii ki, gücü olanın da addımları qətiyyətli, sözü, səsi kəsərli, məramı aydın olur.
Sözümün bu yerində həm də qışın addım səslərinin eşidildiyi bu zaman kəsiyində mənə elə gəldi ki, dediklərimi eşitmirsən, yazdıqlarımı oxumursan. Bilmirəm, niyə belə düşündüm. Ola bilsin ki, ya çox deyib çox yazıram, o səni artıq "cana yığıb", bezdirib, ya da dediyimin, yazdığımın sənin üçün əhəmiyyəti sıfırdan aşağıdır. Bax, bu düşüncəm sənə münəccimlik kimi gəlməsin və demə ki, haqqına girirəm, əvəzindən danışıram. Əsla! Sadəcə olaraq hisslərin, duyğuların bu oyaq vaxtında mən az qala yarpaq xışıltısını da, qopub düşən ləçəyin səsini də hardasa özümə qarşı bir ehtiras kimi qəbul edirəm. Ona görə dayanıram, təkrar-təkrar düşünürəm və sən sözün, yazının daha yaxşı formasını tapıb onun içərisində fikirlərimi çatdırmaq istəyirəm. Baxmayaraq ki, gözümün önündə, ruhumun qolları arasındasan, amma sənin bunu hiss etdiyini, mənim kimi içdən yaşadığını nə görürəm, nə də sən göstərirsən.
Bax, ona görə də hər ötən anın, hər keçib gedən günün sərt təpkilərini, ağır zərbələrini ürəyimlə qarşılayıb ürəyimdə də çəkirəm. Elə bil ki, bütün həyat rəngini, çalarlarını itirib, elə havanın özü də boz bulanıqdı mənim üçün. Bilirsən, niyə?
Ona görə ki, sən bulud arxasından çəkilən günəş kimi gizlənirsən gözlərimdən. Amma bilmirsən ki, o buludun çəkilmə məqamı da var. Və hətta onu da düşünmürsən ki, buludlar yağa bilir, yağandan sonra isə göy üzü dupduru olur, günəş görünür.
Bilirsən niyə bunu xatırladıram. Demək istəyirəm ki, durulan göy üzündə yenə görəcəm səni. Onda necə gizlənəcəksən və yaxud ümumiyyətlə niyə gizlənirsən? Mən dünyanın, daha doğrusu öz dünyamın günəşini özümlə daşıyıram - ürəyimdə, gözlərimdə. Və sən hara çəkilməyindən asılı olmayaraq mən bütün havalarda günəşi görürəm və bilirəm ki, günəşin "gizlənməsi" mümkün deyil. Deməli, havalar durulacaq, hətta bunun üçün ağlamaq lazım olsa da - yəni buludlar sıxılıb boşalsa da:
Hava boz-bulanlıq, həm də yağışlı
Elə bil üstümə bir kabus çöküb...
Ətrafdan duyduğum qəmli baxışlı -
Payız ağacların yarpağın töküb.
Tıncıxır ürəyim, çatmır nəfəsim
Gözüm dirəndiyi yerdən çəkilmir...
Donubdu içimdə yaşam həvəsim -
Boşluğa boşuna heç nə əkilmir!
Qollar düyün düşüb, fikir də pərən
Ağlımdan yaxşı - pis heç bir şey keçmir...
Elə bil qırılıb sonuncu kərən -
Yorulmuş biçinçi vərini seçmir ...
...Hava boz -bulanlıq... əhvalım üzgün
Görmədən keçməyin bəlkə xoş olar.
Mənə "Dəli " deyən, zənnimcə, düzgün -
Olar ki, ürəyim yağsa boşalar!
Bəli, mən yenə səndən danışdım, səni yerlə, göylə, təbiətlə bərabər öz içimdə, öz dünyamda gördüm və görürəm. Bu o deməkdir ki, gördüyüm görüntü deyil, gerçəkdir. Sənin ürəyində olmaq gerçəkliyin. Bəs sən necə? Məni görə bilirsənmi?..