Əbülfət Mədətoğlu : - ADSIZ DUYĞULAR...
Özünü sahilə atan ləpətək
Bir istək içimə sığışmır indi...
Özün dağ biçimdə görən təpətək -
Xəyalım yanından yığışmır indi!..
Sıxdıqca sızlayır gözümün kökü,
Dilimin ucundan "Ah..." qanadlanır ...
Bürüyür ruhumu ötəri bürkü -
Ağrılar havayı qol-qanad alır!..
Saçı ağardıqca dualarımın,
İstəklər büdrəyir - dizləri əsir!..
Adı "Təklik" olan bu anlarımın -
Həsrət açıq-aşkar kəndirin kəsir!..
Burda ummaq olmur kimsədən nəsə
Yalnız dərdləşdiyim solan şəkillər...
Sən diqqət ayırsan gələn o səsə -
Bilərsən tənhalar nələr çəkillər!