Şakir Xanhüseyn :- İKİ BİR
1.
BİR OVUC OD
yaxşı bir işlə, salamla
əlini doyur,
dilini doyur gözəl sözlərlə, hə...
düz, doğru yolda isən
ayaqların tox, demək...
sevərək, hiss edərək baxmaqla
gözlərini doyur...
eşitməlini eşitməklə,
yalana tutmaqla qulağını doyur...
üzünü doyur bir gülüş, təbəssümlə,
şirin him-cimlə,
bir həya qızartısıyla...
gün günü,
saat saatı qovur,
ömrünü doyur
lap ac qalmaqla, bax a,
təmiz su əvəzi and iç,
götür ocağından
bir ovuc od at ağzına!
2.
İP ÜSTÜNDƏ
ip üstündə yeriyirəm, ip üstündə,
yüyürürəm top üstündə...
bir düz, geniş yolda bəzən,
daş yolda bəzən
hiss edirəm ip üstündəyəm...
fikirdən bir ip çəkilsə,
özümü görürəm, hop, üstündə...
top üstündə yeriyirəm, top üstündə,
top yuvarlanır,
indi gəl nəsə yoğur, yap üstündə...
ip üstündə evə gəlir,
evdən çıxıram ip üstündə...
biri yeriyir buz üstündə,
hə, biri od,
digəri oturub tikan üstündə...
ip çəkilib ip üstündə,
onun da üstündə bir ip;
mənəm yeriyən, yürüyən
ip üstdəki top üstündə...