Sabir Yusifoğlu : - ŞƏHİDİMİZƏ
Damardakı qan kimi
donub divar saatı...
Allahın qoluna taxılmış
saat indi neçəni göstərir?
İndi neçənci ildi
Qarabağda?
Ayın neçəsidi
anası ölmüş
şəhidimizin baş daşında?
Təqvimin qara-qırmızı günləri
Ali qanunların vərəqləri kimi
tökülüb ayların içindən
pula gedir gül kimi.
Üç gün sonranın gülü
tapdanır zibil kimi.
...Bir yadigar döş nişanını
əzizlər,
əzizlər şəhid anası.
Bilmir harda gizlətsin
göz yaşlarını.
Ancaq gizlər
şəhid anası:
"Çörəyi suya batırıb
böyüyən oğul,
torpağı qanına batırdılar"...
...Qan ətrini duyan varmı
bu yazın yağışlarından?!
Deyəsən, heç Allah da
gözünü yayındıra bilmir
Şəhid balasının baxışlarından!..