"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin ortaq layihəsi: "Ulduz"lu görüşlər" keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT 20:41 / 11.12.2024 Baxış sayı: 385

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ulduz"lu görüşlər"in ilk tədbiri keçirilib.

"Ulduz" ədəbiyyat dərgisi və "Xalq qəzeti"nin ortaq layihəsi çərçivəsində keçirilən tədbirdə "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, Xalq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə  Hüseynova, Xalq artisti Eldost Bayram, Filologiya fakultəsinin dekanı,  dosent Könül Həsənova  və "Ulduz" jurnalının əməkdaşları, yazıçı Təranə Vahid,  şair Taleh Mansur, eləcə də universitetin tələbə, müəllim heyəti  iştirak edib.

Təbdiri giriş nitqiylə açan Qulu Ağsəs,  təhsil ocaqlarında silsilə görüşləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək,  görüşün təşkili üçün universitet rəhbərliyinə, həmçinin Mahirə xanıma minnətdarlığını bildirib. Ardınca söz Mahirə Hüseynovaya verilib. Mahirə Hüseynova qonaqları salamlayaraq,  bu kimi görüşlərin xüsusi əhəmiyyətini  vurğulayıb, "Ulduz" ədəbiyyat dərgisi ilə təmsil etdiyi təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırıb. Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə  tövsiyə və məsləhətlərini ifadə edib,  onalara uğurlar arzulayıb.

Eldost Bayramın  ifasında Mahirə Hüseynovanın  "Gedək uzaqlara" şeiri alqışlarla qarşılanıb.  Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə edib,   mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini qeyd edib.  Filologiya fakultəsinin dekanı Könül Həsənova tədbirin təhsil ocağının müəllim, tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi təbdrilərin davamlı olmasını bildirib. Yazıçı Təranə Vahid və şair  Taleh Mansur öz çıxışlarında ədəbi gəncliyin  tribunasına çevrilmiş  "Ulduz" jurnalının tarixi və bu günü ilə bağlı  məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət ediblər. Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.  

Tələbələrin ifasında Qulu Ağsəsin şeirlərindən ibarət nümunələr səsləndirilib . Sonda "Ulduz"  jurnalının və "Xalq" qəzetinin seçilmiş sayları  hədiyyə olaraq tələbələrə təqdim edilib, xatirə fotosu çəkilib.