Sona Vəliyeva : - UNUT
(Xalq artisti İlhamə Quliyevanın ifa etdiyi “Unut” mahnısına)
Bir ömür unutmaq istədim səni,
Amma ki, sabaha saxladın hər gün.
Ağlın yazdığına qəlb haray çəkdi,
Sildi yaddaşımdan “unut” kəlməsin.
Unutmaq sevginin hicran zülümü,
“Ürəyin sevəndə qalması” nəymiş?
Ocağın külündə köz qorunan tək,
Unutmaq sevməkdən daha gərəkmiş.
Qəmin zirvəsindən yıxılmaq ağır,
Ağrısı, sınığı ölümdən betər.
İndi bacarmadım, sonrakı ömrə,
Deyəcəm ki, səni unutsun, yetər...
Ha deyim, ruhumun sevda üsyanı,
Məni məndən alıb gedər səninlə.
Min ilin yağışı, qarı ələnər,
Dağ seli yol keçər mənim gözümlə.
Unutmaq yer-göyün ən ağır işi,
İnadla yaddaşa cillalar səni.
Bir dəli aşiqdən, dəli sevdadan,
Söz açar, - təzələr eşq nəğməsini.
Yaranın, yanığın sağalmaz yeri,
Sızıldar havaya gəlsə rütubət.
Göyə bülənd olan qürurla birgə,
“Unut” söylədikcə göynəyər ürək.
Ha “unut” söyləyim, ürək dinləməz,
Gələcək keçmişdən dönüb qayıdar,
Ömür heca-heca hicran yüküylə,
Hər yaşın fəslində səni qaytarar.
Ha unut söylə ki,
unut söylə ki...