Əbülfət Mədətoğlu : - Kamran Nəzirlinin «Dərd»i

YAZARLAR 08:34 / 12.12.2024 Baxış sayı: 264

İstənilən bədii əsər o vaxt qiymətini, dəyərini alır ki, o oxucu tərəfindən təkcə kitab kimi, əsər kimi alınıb rəfə qoyulmur. Yəni, evin bəzək əşyasına çevrilmir. Çünki yazılan oxunmaq üçündü. Yoxsa evdə təmizlik işləri görəndə silib, tozunu alıb yenidən kitab rəfində yerləşdirmək üçün deyil. Bax, bu mənada mən özüm    demək olar ki, hər gün gözdən keçirdiyim, vərəqlədiyim müxtəlif kitablarda təbii ki, müxtəlif müəlliflərin fikirləri ilə qarşılaşanda elə bilirəm ki, o kitabı, o yazını ilk dəfə oxuyuram, ilk dəfə görürəm. Baxmayaraq ki, bu kitab mənə 2004-cü ildə hədiyyə olunub. Özü də müəllifin səmimi avtoqrafı ilə…

Kamran Nəzirli tanıdığım, dəyər verdiyim, çörək kəsdiyim və dostluq etdiyim Söz adamıdır. Bunu ona görə xüsusi vurğulayıram ki, həm birlikdə işlədiyim müddətdə, həm də təmasda olduğumuz bütün zamanlarda onun bir bütöv xarakteri ilə və bir  də bir sifəti ilə qarşılaşmışam. İllər keçsə də həmin dediyim və xüsusi vurğuladığım xüsusiyyətlər Kamran Nəzirlidə dəyişməyib. Olduğu kimi qalır! Amma yaradıcılıq uğurları genişlənib, şaxələnib, ölkə hüdudlarını aşıbdır. Bu da bir oxucu və dost kimi hər zaman məni məmnun edir.

Bugünlərdə Kamran Nəzirlinin 2004-cü ilin iyun ayının 15-də mənə avtoqrafla bağışladığı «Şeytan işığı» kitabını bir də götürdüm əlimə. Bəri başdan deyim ki, bu kitabın demək olar ki, çox böyük bir hissəsini öncələr oxumuşdum. Bilmirəm nədənsə yenə çəkdi məni özünə. Götürdüm və elə kitabın arasını açanda ilk qarşılaşdığım «Dərd» çəkdi məni özünə. Düzünü deyim ki, bir az duruxdum. Daxilən özüm-özümlə danışırmış kimi yenə «Dərd?!» dedim. Görünür dərd məsələsi mənim boyuma biçilib. Ona görə də həmişə hər yerdə qarşıma çıxır, tək qoymur məni. Şükürlər olsun ki, mən də dərdin boyunu sevməkdən yorulmuram. Anlaşırıq və yoldaşlıq da edirik. Elə Kamranın «Dərdi»i də ilk cümləsindən «saqqızımı oğurladı», tutdu yaxamdan… Oxudum…

Hekayənin sadə bir mövzusu, yəni ədəbi dildə desək, ampulası var. Hər kəsin şahidi olduğu bu əsas sujet özünün cəmiyyətdə yerinin olmamasıdı. Hamıya, hər kəsə artıq görünməyindir. Daha çox da həyatda kimlərinsə «qapazaltısı, əlaltısı» olmaqdır.

Hekayənin baş qəhrəmanı Lətifdi. O, kənddə yaşayır. Qapı qonşusu Münəvvər xanımın tapşırıqlarını yerinə yetirir. Həyatı  dünyaya gəldiyi gündən uğursuz olubdur. Ona görə də vəzifə sahibi olan Münəvvər xanım ona az qala özünün tapşırıqlarını yerinə yetirən , həyət-bacasına göz-qulaq olan, kimsəsiz, uğursuz bir adam kimi diqqət mərkəzində saxlayır. Lətifin bir nöqsanı da var. O da içkiyə meyilli olmasıdı. Əlinə düşən pul-paranı tək qaldığı damın altında arağa verir və Lətif həm də ona görə tək qalır ki, ailə həyatı da uğursuz olub. Birinci arvadı öləndən sonra Münəvvər xanım ona xadimə işləyən Sonanı tapıb. Atalar sözü var. Deyirlər ki, kasıbınkı gətirmir. Bax, Sona ilə evlənən Lətifin bəxti yenə gətirmir. O da xəstələnir, hətta Münəvvərin verdiyi pula Bakıya – həkimə gətirir. Lakin…

Bu kişinin bəxtində ailəli olmaq yazısı olmadığından bir qış günü Sonanı da torpağa tapşırır. Və özü də etiraf edir ki, həyatında bir doğulanda ağlayıb, bir də arvadı öləndə. Bu qəribə məqamların arxasında yazıçı Lətifin talesiz olduğunu yox, həm də mübarizə apara bilmədiyini, iradəsinin zəifliyini və harınlamış adamların Lətif kimilərdən çox soyuqqanlıqla istifadə etmələrini  sadə, amma gerçək detallarla oxucuya çatdırıb. Əgər hekayəni oxusanız görərsiniz ki, Münəvvər oğluna toy edir və tapşırır ki, Lətifi mağara buraxmasınlar. Çünki Lətif içki aludəçisidi, özünü apara bilməyəcək, toya dava salacaq və bu vəzifə sahibi olan Münəvvər xanımın imicinə uyğun gəlməyəcək. Ona görə də Lətifi mağardan çox uzaqda tutmaq ona ancaq görəcəyi işləri tapşırmaq lazımdı. Amma Lətif bir insan kimi o toyda iştirak etmək, o toya nəmər yazdırmaq istəyir. Çünki Münəvvər ona çörək pulu verir  və  arvadının müalicəsinə, dəfninə maddi köməklik göstərib. Lətifin dediyi kimi, onu meydanda tək qoymayıb. Deməli, Lətif də əməyinin qarşılıqlı olaraq Münəvvərin verdiy 50 manatı o toyun dəftərinə yazdırmaq istəyir. Ha cəhd edir, onu mağara buraxmırlar. Lakin qonaqların mağara daxil olduğu məqamdan istifadə edib içəri girib adını yazdırmaq istəyəndə ayaq üstə dura bilmədiyindən yıxılır. Bax, bu məqamda Lətifin gerçək aqibəti – yəni Münəvvər kimilər üçün yeri, dəyəri, mahiyyəti üzə çıxır. Onu sürüyüb mağardan çıxarır və bir maşına atıb qəbirsanlığa gətirirlər və …

Gecənin yarısı qəbirsanlıqda özünə gələn Lətif başını qaldırıb tərpənmək istəyəndə bədəninin necə ağrıdığını və bu ağrının dəhşətlərini aşkarca hiss edir. Sonra baxıb görür ki, arvadının məzarının böyrünə atıblar onu… Və sonra baxır ki, onunla üz-üzə bir it dayanıb. Bax, həmin məqamda Lətif bəlkə də həyatının ən ağıllı, ən gerçək sualını dilinə gətirir. Ona baxan itə çox təsirli bir sual verir:

- Nə var, nə baxırsan? Adam görməmisən?!

Mən bir oxucu olaraq Lətifin itə ünvanladığı sualın əslində Münəvvərə, onun kimilərə ünvanladığını göydə tutdum. Çünki Lətifin qəbirsanlığa gətirilib atılması onun dəyərini, insanlığını bilməyənlərin və bu bilməməzliklə də Lətifə hər gün içməyə, dünyanı, özünü unutmağa, görməməyə yönəldənlərin  yuxarıdan aşağıya baxmalarının nəticəsidir. Onlar bilərəkdən Lətifi bu cür aşağılayıblar, bu cür yaşamağa alışdırıblar və sonda da it də Lətifi tanımayıb. Ona adama baxdığı kimi baxmayıb.

Yığcam bir hekayənin detallarını ardıcıllıqla masa üzərinə düzəndə görürəm ki, qəbirsanlığı «ölü şəhər» adlandıran Lətif əslində orda adamdı, orda onu tanıyırlar, dəyərləndirirlər. Bu haqqını dərk edən Lətif göz yaşını silərək Münəvvərin oğlunun toyunda nəmər yazdırmağa cəhd etməsini özünün qüsuru olmasını başa düşür və deyir ki, gör mən nə ilə öyünmək istəmişəm. Pulla, rüşvətlə mənsəb qazanan və tutduğu vəzifədən də rüşvətxor kimi istifadə edən Münəvvər və onun ailəsi sonda iç üzlərini onlara inanan, sədaqətlə xidmət edən Lətifə göstərirlər. Bax, bu detal, yəni nəmər yazdırmaq istəyəndə Lətifin yıxılması Kamran Nəzirlinin «Dərd» hekayəsinin mahiyyətini açır. Göstərir ki, adamlara aşağılayıcı nəzərlərlə baxıb onların şəxsiyyətini, heysiyyatını alçaltmaq ən böyük dərddi, problemdi. Baxmayaraq ki, Lətif bir insan olaraq özü dərdin içərisində  ayaqda dursa da ona göstərilən münasibət həmin dərdin bəlkə də min qatıdı. Yəni şəxsi həyatın faciəsi, dərdi, cəmiyyətin ümumi dərdinin bəlasının fonunda heç nədi, gözə görünmür. Ona görə də cəmiyyətin dərdinin dərdini çəkmək , onu sözə çevirib oxucuya çatdırmaq Kamranın bu hekayəsinin mənə görə başlıca mahiyyətidi. Hər halda mən oxucu olaraq bu qənaətə gəldim.