“Hərə istəyir ki, öz sahəsinin ağası olsun”- Bunu aqrar komitənin sədri dedi
Azərbaycanda aqrar sektor inkişaf etməkdədir. Xüsusilə bu sahəyə dövlət tərəfindən ayrılan diqqət kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Eyni zamanda azad olunmuş ərazilərin də əkinə yararlı hissəsinin kənd təsərrüfatına cəlb edilməsi bu sahənin inkişafında təkanverici rol oynayır. Bununla yanaşı, kənd təsərrüfatının inkişafına mane olan amillər də mövcuddur. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a müsahibəsində gələn ilin dövlət büdcəsi layihəsində aqrar sektora ayrılan vəsaitdən, ölkənin kənd təsərrüfatı potensialından, azad edilmiş torpaqların aqrar sektorun inkişafındakı payından, kənd təsərrüfatında mövcud olan ən aktual problemlərdən və digər məsələlərdən danışıb.
Yenises.az mövzunun aktuallığını nəzərə alaraq -Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin İqtisadiyyat.az-a müsahibəsini öz oxucularına da təqdim edir:- Tahir müəllim, hazırda Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunmaqdadır. Sizin fikrinizcə, gələn il xüsusilə aqrar sektora ayrılan vəsait qənaətbəxşdirmi?
- Azərbaycanın iqtisadi inkişafı, ölkənin gələcəyi və xalqın rifahının yaxşılaşdırılması çox vacibdir. Bu sahədə uzun müddətdir dövlət proqramları icra olunur, layihələr həyata keçirilir və bu gün iqtisadi inkişaf dünya dövlətləri tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən, eləcə də bir çox maliyyə qurumları tərəfindən çox yüksək qiymətləndirilir. Əlbəttə ki, ölkənin iqtisadi qüdrətini yüksəltmədən ordu quruculuğunda, ölkənin təhlükəsizliyinin təmin edilməsində, insanlarn rifahının yaxşılaşdırılmasında müəyyən nəticələrə və uğurlara nail olmaq çox çətindir. Məhz buna görə də dövlət başçısı cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük önəm vermiş və bu yöndə işlər davam etdirilir. Çünki bu inkişaf Ulu Öndər Heydər Əliyevin ideyalarına, onun vəsiyyətlərinə arxalanır və həyata keçirilməsi bilavasitə dövlət üçün, xalqın mənafeyi üçün çox dəyərlidir.
Ulu Öndər Azərbaycana hakimiyyətə gəldiyi çətin dövrdə, 1969-cu ildə ən vacib məsələ kimi respublikanı iqtisadi böhrandan çıxarmağı qarşıya qoydu və buna nail oldu. Sonrakı dövrdə də ikinci dəfə hakimiyyətə gələndə də Ulu Öndərimizin başlıca vəzifə kimi ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etməyi qarşıya məqsəd kimi qoyması səbəbsiz deyildi. Çünki iqtisadi inkişafa nail olmadan ölkəni irəli aparmaq, beynəlxalq aləmdə nüfuz qazanmaq, vacib olan məsələləri həyata keçirmək mümkün deyildi.
Bu gün Azərbaycan iqtisadiyyatı inkişafdadır və bu ilin dövlət büdcəsinin göstəriciləri bunu aydın şəkildə ifadə edir. Artıq dövlət büdcəsi 41 milyard manat həddinə çatıb ki, bu da ölkədə həyata keçirilən çox mühüm dövlət proqramları, layihələr, beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlarla əlaqədardır. Əlbəttə ki, dövlət büdcəsi sosial yönümlüdür, dövlət büdcəsindən 16 milyard manatdan çox vəsait bilavasitə sosial yönümlü xərclərə hesablanıb. Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev insanların sosial rifahının yaxşılaşdırılmasına çox böyük önəm verir.
Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bütün sahələrə ayrılan xərclər artırılıb və bu, qürurvericidir. Aqrar sektora da ayrılan vəsait artırılıb və bu, bilavasitə aqrar sektorun inkişafına olan qayğının nəticəsidir. Son illərin nəticələri, həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafında, məhsuldarlığın artırılmasında, eləcə də yeni texnologiyaların kənd təsərrüfatında tətbiq edilməsində müəyyən nailiyyətlərin qazanılmasına səbəb olub və bu yol bu gün də davam etdirilir.
Kənd təsərrüfatı xərclərinin büdcədə payı deməyə əsas verir ki, bundan sonra da bu sahənin inkişafı diqqət mərkəzində olacaq və sözsüz ki, vacib məsələlərin vaxtında həlli ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayacaq. Ötən ilin və bu ilin 10 ayının nəticələrini nəzərdən keçirsək görərik ki, aqrar sahədə müsbət nəticələr əldə olunub, xüsusilə heyvandarlıqda, əkinçilikdə, bitkiçilikdə yaxşı nəticələr var və bu potensial ümid verir ki, kənd təsərrüfatı gələcəkdə daha yaxşı nəticələr əldə etməyə qadirdir. Bunun üçün mütləq elmi nailiyyətlər kənd təsərrüfatına tətbiq olunmalıdır.
- Bu gün aqrar sektorun inkişafını necə dəyərləndirirsiniz? Ölkənin potensialından tam istifadə olunurmu? Sizcə bundan sonra nələri etmək lazımdır?
- Aqrar sahədə ilk növbədə iri təsərrüfatların yaradılması qarşıda əsas məqsəd kimi dayanır. Çünki bu, aqrar sektorun çox mühüm sahəsidir və məhsuldarlığın artırılmasında, rentabelliyin yüksəldilməsində mühüm rola malikdir. Nəticələr göstərir ki, iri təsərrüfatlarda daha yüksək məhsul əldə etmək mümkündür. Kənd təsərrüfatının digər sahələrində də nəticələr yaxşıdır. Xüsusilə kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixrac olunmasında irəliləyişlər var və çox yaxşı haldır ki, bu gün kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 11 milyard manatı keçib. Bu, əvvəlki illərlə müqayisədə xeyli artıb və bu onu göstərir ki, ümumidaxili məhsulun istehsalında kənd təsərrüfatının payı daha da artmaqdadır. Əlbəttə ki, qarşıda duran vəzifələr məsuliyyətlidir və gələcək planların daha dəqiq hesblanmasını və işə daha məsuliyyətlə yanaşmasını tələb edir.
-Bu gün kənd təsərrüfatında mövcud olan ən aktual problemlərdən bir də suvarma ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən işləri necə dəyərləndirirsiniz?
- Nəzərinizə çatdırım ki, büdcədə meliorativ tədbirlərin, torpaqların yararlaşdırılmasına yönəldilən səylərin, eləcə də suvarma sisteminin təkmilləşdirilməsinin, suvarmada müasir texnologiyaların həyata keçirilməsinin vacibliyi aydın göstəricilərdə və rəqəmlərdə ifadəsini tapıb. Bu da bu günümüz üçün çox vacibdir. Çünki biz yaxşı bilirik ki, kənd təsərrüfatı sahələri bu gün suvarmada çətinlik çəkir. Xüsusilə yay aylarında suvarmada müəyyən problemlər yaranır. Ancaq bu, tək Azərbaycanda deyil, bütün dünyada belə problemlər mövcuddur. Azərbaycan bu gün istifadə etdiyi əkin suyunun təqribən 65 faizini xaricdən gələn sular hesabına təmin edir. Belə bir halda suvarmanın düzgün təşkili, suvarmada müasir texnologiyaların tətbiqi, qənaət rejminin tətbiq olunması günün reallığından irəli gəlir və bu, mövcud vəziyyətin düzəldilməsində çox vacib şərtdir.
- Ölkədə kənd təsərrüfatının inkişafına mane olan amillər nədən ibarətdir?
- Azərbaycanın kənd təsərrüfatı potensialı böyükdür, ancaq buna mane olan müəyyən amillər olub. İlk növbətə torpaqlarımızın 20 faizi uzun illər işğal altında olub. Həm torpaqlar əkilib becərilməyib və nəticədə şoranlaşıb. Sözsüz ki, bu müddət ərzində o torpaqlar işğal altında olmasaydı və biz oradan lazımi qaydada istifadə edə bilsəydik, ölkənin kənd təsərrüfatı daha yaxşı inkişaf etmiş olardı. Qürurverici haldır ki, artıq həmin ərazilər işğaldan azad edilib, hazırda minalardan təmizlənir, su anbarları tikilir, infrastruktur layihələri həyata keçirilir. Bu da gələcəkdə məhsuldarlığın artırılması üçün əhəmiyyətli olacaq.
Digər tərəfdən iqlim dəyişmələrinin yaratdığı problemlər kənd təsərrüfatına da böyük ziyan vurub. Bir çox torpaqlarımız şoranlaşmaya gedir. Bu, atmosferlə əlaqədardır. İqlim dəyişikliyinin yaratdığı problemlər məhsulun vaxtında becərilməsinə, yığılmasına ciddi maneçilik törədir. Bir də görürsən ki, məhsulun yığımı zamanı şiddətli yağışlar yağır və ya məhsulun yetişdirildiyi, suvarma tələb olunduğu bir dövrdə şiddətli istilər və su çatışmazlığı kənd təsərrüfatına böyük ziyan vurur.
Digər tərəfdən xırda təsərrüfatlar çoxdur. Çünki ölkədə torpaq islahatları keçirilib, insanlara torpaq payları verilib. Ancaq təəssüf edirəm ki, insanlar birləşərək, iri təsərrüfatlar yaradaraq o torpaqları idarə etmək əvəzinə xırda təsərrüfatlara daha çox diqqət yetirirlər. Bu da məhsuldarlığı xeyli dərəcə aşağı salır. Paralel olaraq, vaxt itkisi, məhsul itkisi gedir, texnikanın və digər avadanlıqların həmin sahələrdə işləməsi çətinlərşir. Biri var ki, kombayn 50 hektar taxıl sahəsinə girsin və taxılı sərbəst yığsın, biri də var ki, kombayn 2 hektar taxıl ərazisini biçsin və sonra 5 kilometr aralıda digər 2 hektarlıq taxıl sahəsini gedib biçsin. Pambıq sahələri də belə becərilib, heyvandarlıq üçün yonca sahələri də bu formadadır. Bu xeyli dərəcədə kənd təsərrüfatına ziyan vurur və gələcəkdə daha böyük çətinliklər yaradacaq.
Çünki burada torpaq itkisi, su itkisi gedir. Bir də görürsən ki, biri 5 km məsafədən yerləşən su mənbəyindən öz sahəsinə su çəkir. Bu məsafədə su xeyli itir, həmin arxlar lazımi qaydada təmizlənmir. Su bu sahəyə gəlib çatana qədər xeyli itkiyə məruz qalır və digər təsərrüfatlara su çatmır. Digər problem odur ki, həm təsərrüfatların qıraqlarında avtomobil yolları çəkirlər, arxlar qazırlar ki, bu da xeyli kənd təsərrüfatı torpaqlarının itkisinə gedir. Hesablayanda görürsən ki, min hektarlarla ərazi arxlara, yollara gedir. Bu, torpaqların israf edilməsidir. Birləşmək lazımdır. Kiçik sahibkarlar birləşib iri təsərrüfatlar yaratsalar çox faydalı olar. Belə olan halda, əməyin rentabelliyi, məhsuldarlıq, gəlirlilik daha yüksək olar. Çox təəssüflər olsun ki, bu gün kiçik sahibkarlarımız bunu o qədər də yüksək qiymətləndirmir. Hərə istəyir ki, öz kiçik torpaq sahəsinin sahibi, ağası olsun.
İri təsərrüfatların yaradılması üçün qanunvericilik bazası da mövcuddur. Biz “Kooperasiya haqqında” qanun da qəbul etmişik. Bu imkan verir ki, kiçik sahibkarlar könüllü şəkildə birləşsinlər. Heç kim onlara mane olmur. Ancaq kiçik sahibkarlar özləri razılığa gəlməlidirlər.
- Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərin böyük kənd təsərrüfatı potensialı mövcuddur. Hazırda bu ərazilərdə də torpaqların bir hissəsi kənd təsərrüfatı məqsədi ilə istifadə olunur. Azad edilmiş torpaqların kənd təsərrüfatının inkişafında rolunu necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün imkanların yaradılması dövlətin qarşısında duran birinci vəzifələrdən sayılır və çox yaxşı haldır ki, azad edilmiş ərazilərdə tikinti və quruculuq işləri ilə bərabər aqrar sekroun inkişafına da imkanlar yaradılmaqdadır. Ötən illər həmin ərazilərdə 100 min hektarlarla əkin sahəsində kənd təsərrüfatı məhsulları yetişdirilib və statistik məlumatlara görə, artıq 600 min hektar torpaq sahəsi əkinə yararlı vəziyyətə gətirilib və tez bir zamanda həmin ərazilərdə də kənd təsərrüfatı məhsulları yetişdirmək mümkün olacaq.
Əlbəttə ki, qürurverici haldır ki, artıq bu gün azad edilmiş ərazilərdə məskunlaşma sürətlə davam etdirilir, sakinlər öz doğma yurdlarına qayıdır. Onların həmin ərazilərdə daimi qalıb işləmələri və həyat şəraitlərini yaxşılaşdırmaq üçün aqrar sektorun inkişafı çox vacibdir. Son ilin nəticələri göstərir ki, insanlar bu məsələyə çox böyük önəm verirlər. Artıq yay aylarında fermerlər öz heyvanlarını Kəlbəcərə apardılar, arı ailələri həmin ərazilərə köçürülür və bir çox sahələrdə taxıl, günəbaxan, qarğıdalı və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və yaxşı məhsul əldə edilməsi yeni nəticələrdən xəbər verir.
- Tahir müəllim, sizcə kənd təsərrüfatı sahəsində qanunvericilik bazası tələblərə cavab verir, yoxsa nələrəsi dəyişməyə zərurət var? Ümumiyyətcə bu sahədə yeniliklər gözlənilirmi?
- Kənd təsərrüfatı sahəsində kifayət qədər qanunlar qəbul edilib. Müstəqillik illərində kənd təsərrüfatı ilə bağlı 500-dən artıq qanunvericilik aktları qəbul olunub. Bu aktlara əlavə və dəyişikliklər edilir. Bu aktlar kənd təsərrüfatının bütün sahələrini əhatə edir. Kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, o sahə üzrə mükəmməl qanunlar olmasın.
- Bu gün Azərbaycan eyni zamanda kənd təsərrüfatı məhsulları idxal edir. Sizcə, ölkənin idxaldan asılılığı nə dərəcədədir?
- Elə məhsullar var ki, Azərbaycanda yetişdirilə bilmir, yəni təbii şərait buna imkan vermir. Misal üçün biz taxılı idxal edirik. 1,2 milyon ton ərzaqlıq buğdanı xaricdən alırıq. Niyə alırıq bunu? Bəziləri deyir ki, bunu özümüz yetişdirək. Bu rentabelli deyil. Azərbaycanda bir milyon hektar ərazidə taxıl əkilir. Bu, çox böyük ərazidir. Ancaq məhsuldarlıq aşağıdır - 30-31 sentner. Elə ölkələr var ki, məhsuldarlıq 70 sentnerdir. Təbii şəraitə və iqlimə görə Azərbaycanda yüksək məhsuldarlıq əldə etmək olmur. Biz desək ki, taxılın hamısını özümüz istehsal edək, o zaman biz əkin üçün olan torpaqların hamısını taxıla verməliyik. Bəs onda pambıq, tütün, çay və digər kənd təsərrüfatı məhsuları harada əkilsin?! Bəziləri deyir ki, biz niyə taxılı xaricdən idxal edirik?! Axı bizdə o qədər məhsuldarlıq yoxdur. Həm də aldığımız məhsul daha ucuz başa gəlir. Azərbaycanda da digər kənd təsərrüfatı məhsulları yetişir və onu ixrac edirik. Ona görə də burada bir balanslaşdırma var. Həm satırıq, həm də qıraqdan alırıq.
- Bu gün eyni zamanda Azərbaycanda istixanalara maraq daha da artmaqdadır. Təbii meyvə-tərəvəzin yetişdirilməsi azalıb, daha çox süni yolla daha tez məhsullar yetişdirilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu da təbii şəraitlə əlaqədardır. Yenə təkrar edirəm, iqlim dəyişikliyi məhsulların yetişdirilməsinə imkan vermir. Ancaq istixanalarda müəyyən texnologiyalar var və həm də onlar mühafizə olunur. O da daha asan əmələ gəlir. Bir də görürsən ki, 3-4 hektar bostanda pomidor əkmisən, bir xəstəlik yayılır və hamısın məhv edir və qarşısını da almaq mümkün olmur. Ancaq istixanalarda belə hallar olmur. Təbii ki, Günəş altında yetişdirilən məhsul daha keyfiyyətli olur, ancaq bu hallarda iqlim şəraiti buna imkan vermir. Ölkədə kənd təsərrüfatının inkişafına çox böyük önəm verilir. İqtisadiyyatın, aqrar sektorun inkişafında fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirəm.