Vasif Süleyman : - BELƏCƏ

Ədəbiyyat 08:14 / 12.11.2024 Baxış sayı: 511

 

Ömrü sonalamaq, seçmək yoxuymuş,

Kefin istəyəndə köçmək yoxuymuş.

Bu ömrün içində heç nə yoxuymuş,

Di gəl, bu boşluqda yaşa...Beləcə...

 

Dəli sevdalara yaxın apardı,

Azı əyləmədi, çoxu apardı.

Bərədə dayandım yuxu apardı,

Bir dəfə gəlmişdim xoşa... Beləcə...

 

Bəxtim yollarıma çatmadı, keçdi,

Oddadı, ruhumu oddadı keçdi.

Ömür başım üstdən addadı keçdi,

Nə ola, ölüm də çaşa... Beləcə...

 

Gəldik, payımıza nə düşdü… Ömür…

Bir şirin röyayla görüşdü ömür.

Bilmədim, əlimdən sürüşdü ömür,

Dəydi qayalara, daşa... Beləcə...

 

Vasif, ömür-günün ömrü bir içim,

Dəyəri nədir ki, ömürdən keçim.

Bu qara günlərin nəyini seçim,

Onsuz da vurmuşam başa... Beləcə...