Ələsgər ƏLİOĞLU : - ODU ARTIR DÜNYANIN

Ədəbiyyat 09:35 / 12.11.2024 Baxış sayı: 718

 

Sudur üstü, sudur altı dünyanın,

Amma indi odu artır dünyanın...

Öz yadından çıxar adı dünyanın,

Bu yerişlə, bu gedişlə bəlkə də!..

Dünya şəndir,dünya şuxdur, güləşdir,

(Qolundan tut,

Zamanla lap güləşdir!..)

Taleyisə ancaq quru küləşdir,

Əlim gəlməz bircə kibrit çəkəm də.

Od dünyada kədər izlər,dərd izlər,

Tab gətirməz okeanlar, dənizlər;

Od onları bulud-bulud dərizlər,

Uçurub hey səmalara tökər də!..

Naqasaki, Xirosima qorxusu,

Bu dünyanın gözlərini qorxuzub.

Nə olsun ki, dörddə üçü sudur, su,

Bu yerişlə, bu gedişlə bəlkə də,

Dünyada od suyu qoyar kölgədə!..

1984