Kəmaləddin Qədimdən ÜÇ ŞEİR
ADAMLARDAN YIXILIR
BU ŞƏHƏRDƏ AĞACLAR…
Adamından daha çox
sevdim torpağı, daşı.
Mənim ağac bacım var,
mənim ağac qardaşım…
Kökü necə işləyib,
mənimtək torpağa, bax…
Yamyaşıl budağı gör,
ya, solan yarpağa bax…
Şivləri də uçmağa
qanadlarımdı mənim.
Asılıb yelləndiyim
ağac darımdı mənim…
Bu barlı, bəhərlisi,
meyvəsinə bax üstdə…
Bax, bu da mənə çəkib,
ölübdü ayaq üstdə…
Lap elə mənim kimi
düşür dərdə ağaclar.
Adamlardan yıxılır
bu şəhərdə ağaclar…
NƏDƏN ŞƏHİD SAYILMIRAM
Mən ki, hər gün od üstdəyəm, köz üstdə,
Oda qurban, közə qurban gedirəm.
Nəyim varsa saxlayıram göz üstdə,
Tez gəlirəm gözə, qurban gedirəm.
Durulacaq yermi dünya, durmanam,
Artıq qalıb bir kimsəni yormanam.
Mən dünyaya doğulandan qurbanam,
Baxmayın ki, təzə qurban gedirəm.
Çox kiçikdi, darısqaldı yer O-na,
Baş əyməkdə ocaq ona, pir O-na.
Bir canım var, verəsiydim bir O-na,
Bir sevdiyim qıza qurban gedirəm.
İri-iri, yekə-yekə adamlar,
Düşürsünüz kökdən-kökə, adamlar.
Dərdinizi çəkə-çəkə, adamlar,
çəkə-çəkə sizə qurban gedirəm.
Vəsf etmirəm nə vəziri, nə şahı,
Gözgörəti haqq etmirəm günahı.
Nədən şəhid sayılmıram, İlahi,
Bu qədər ki, sözə qurban gedirəm?..
GƏZƏSƏN ÖZÜNÜ BİR ÖMÜR BOYU...
Qala əllərində canın bu bəxtin,
Nə ötə yan ala, nə bəri çıxa.
Ölə bilməyəsən ölmək istəsən,
Yaşamaq istəyin dəbərib, çıxa...
Gözlərin umduğun yerdən yığıla,
Ümidin ən hündür yerdən yıxıla.
Bir yuxun yol ala uşaqlığına,
Önünə qonşunun çəpəri çıxa...
Sevəsən, təzədən düşəsən tora,
Gəzə ayaqların yolları yora.
Qarşına bir daha o qızdan sonra
nə huri rast gələ, nə pəri çıxa...
Ağrının-acının üstə gedəsən,
Bir az asta gedib, usta gedəsən.
Üz tutub bir sadiq dosta gedəsən,
Onun da bir qəfil səfəri çıxa...
Elə, Vətən adlı yer ömür boyu
qala səndən yana sirr ömür boyu.
Gəzəsən özünü bir ömür boyu,
Nə öldü, nə qaldı xəbəri çıxa...