Hikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – VİDEO
COP29 tədbirində Azərbaycandan yüzlərlə jurnalist iştirak edir. Eyni zamanda Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, “Azadlıq” radiosunun jurnalisti olaraq, siz də iştirak edirsiniz. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasında qanunun aliliyi, o cümlədən də media azadlığı tam şəkildə təmin olunub.
Yenises.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azadlıq” radiosunun jurnalistinin sualını cavablandırarkən deyib.
O, tədbirin mahiyyətini anlamayan jurnalistə iradını bildirib:
“Əgər siz kiminsə həbsi ilə bağlı danışırsınızsa, gəlin qanunun aliliyindən danışaq. Adları çəkilən şəxslərin jurnalist fəaliyyəti ilə bağlı təqib halları baş verməyib. Burada qeyri-jurnalist fəaliyyəti ilə bağlı proseslərdən söhbət gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq demək deyil. Sizin qeyd etdiyiniz şəxslərlə bağlı konkret rəqəmləri də qeyd edə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır. Özlərini media orqanı adlandıran təsisatlar belə qanunsuz maliyyə prosesində, maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarının pozulmasını dərk etmirlər”.
Prezidentin köməkçisi vurğulayıb ki, “Azadlıq” radiosu da başda olmaqla, özünü media təsisatı kimi təqdim edən bir sıra resurslar şou və populizm xarakterli təbliğatlarla məşğul olurlar.
“Ona görə də mən tövsiyə edərdim ki, peşəkar jurnalist roluna iddia edirsinizsə, gəlin iqlim maliyyələşməsi üzrə mövzular üzrə fundamental və əsaslı mövzulardan danışaq. Azərbaycan Respublikasının vətəndaşı olaraq ölkənin nailiyyətlərinə sevinməyi bacarmaq da bir yaxşı xüsusiyyətdir”, – H.Hacıyev qeyd edib.