ƏDƏBİ GƏNCLİK MƏNİM QOLUM-QANADIMDI ..

MƏDƏNİYYƏT 22:00 / 20.09.2024 Baxış sayı: 157

.

Bəzilərinin nəzərində sadəlöhv-avam adam kimi tanınsam da (Neyləyim, bir şeirimdə dediyim kimi, zəmanə adamı ola bilmədim!..) kimlərəsə yaxşılıq edəndə özümü çox rahat hiss edir, qarşılığını gözləmədən yoluma davam edirəm. Cəbrayılda yaşadığım illərdə “Ümid” Ədəbi Klubu adlanan söz məclisinə 1978-ci ildən 1993-cü ilə kimi rəhbərlik etmiş, rayonun istedadlı qələm sahiblərinin ölkə miqyasında tanınması naminə əlimdən gələni kimdənsə əsirgəməmişəm. İndiki günlərdə yaşları əllini-altmışı ötmüş yazar həmyerlilərimin ilk yazılarının o vaxtlardakı “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Ulduz”, “Kənd həyatı”, “Təşviqatçı”... jurnallarında dərc edilməsinə nail olmuş, bir sıra tanınmış qələm sahiblərinin rayon mərkəzində, ayrı-ayrı kəndlərdə, mədəniyyət evlərində və məktəblərdə görüşlərini təşkil etmişdim. Allah şahiddir ki bu addımlarımın arxa üzündə heç bir təmənnam və umacağım olmayıb...

Mingəçevirə gələndən sonra şəhər qəzetində işləməyim yerli yazarlarlarla tanışlığımı dostluğa çevirdi. Onlarla istedadlı şəxsin yazılarının mətbuat səhifələrində yer almasında, sonra isə AYB Mingəçevir bölməsinin yaradılmasında önəmli pay sahibi oldum. Bölmə fəaliyyətə başlayan kimi ömürləri boyu mərkəzi mətbuatın yolunu tanımayan söz adamlarının şeir və hekayələrinin qəzet və jurnallarda dərc edilməsinin sevincini yaşadım...

Gənc yazarların ədəbi uğurlarına ürəkdən sevindim. Onların hər dəfə qəzet və jurnallarda yazıları dərc olunanda fərəh hissi keçirdim. Ümumiyyətlə, kimisə zəif yazısına görə acılayan adam olmamışam, əksinə yaşlı və orta nəslin nümayəndələrinə ehtiramla yanaşmış, cənc yazarlara isə etimad bəsləmişəm. Bunun nəticəsi olaraq bölməyə qədəm qoyan gənclərə qayğıyla yanaşmış, onlara inam bəslədiyimi sevinc hissiylə dilə gətirmişəm. Son 25 il ərzində iki-üç nəfər istisna olmaqla etdiyim yaxşılıqları unutmayıblar!..

İndiki günlərimizdə Mingəçevirdə yaşayan gənc yazarlara yönəlik etimadım artıq öz bəhrəsini verməkdə, ilin əvvəlində yaratmış olduğumuz Gənclər Şurası öz barını-bəhrəsini ortaya qoymaqdadır. İstedadlı gənc yazar Elçin Məhərrəmin rəhbərlik etdiyi şuranın üzvləri,-Nicat Hunalp, Şamil Həsən, Mədinə Rəhimova, Ruhani Cəfərov, Əfqan Dönməz, Talib Həsənli... indi mənim bükülməyən qolum-qanadlarımdı. Onlar bölmənin təzə simvolunu hazırlayıb ortaya qoyublar, “Bənövşə” ədəbi dərgisinin nəşrinin bərpası yönündə əməli fəaliyyətə başlayıblar...

P.S. Son bir aya yaxındır ki bölmənin 25 illik yubileyi ilə ilgili xüsusi buraxılışı nəşrə hazırlayıram. Demək olar ki bu önəmli işi tamamlamaq üzrəyəm. Bir neçə rəsmi şəxs, o cümlədən alim və yazar dostlarımın yazıları əlimin altındadır. İnşallah, tezliklə bu önəmli işin sevincini birlikdə yaşayacaq, Mingəçevirdə və paytaxt Bakıda yubiley mərasimlərinin iştirakçıları olacağıq. Məhz bununçün də xeyli vaxtdan bəri yaradıcılıqdan bir az uzaqlaşsam da, itirilən vaxtıma heyfsilənmirəm. Axı, mən həyatda heç vaxt təkcə özümçün yaşamamışam!..

İSMAYIL İMANZADƏ

AYB Mingəçevir bölməsinin sədri 18.09.24