Şakir Xanhüseyin - ATLAR, ANDLAR
...Onda hər kəsin bir atı var idi,
ürəkdən içməyə andı var idi;
o atlar da getdi, andlar da getdi...
Yaxın edirdilər çox uzaqları,
yüyənlər çəkilir, dartılırdılar,
Bir göz qırpımında,
atlar bir anda
kamana qoyulan ox olurdular...
Kiminsə dilindən çıxsaydı bir and,
yox idi sözünün, demək, yalanı,
bax ha, bağlayırdı arzular qanad...
Ən uca yerindən elə bil bir az
kəsilib ağaclar, o atlar haqqı.
Doğruluq yolumuz qısalıb deyən
səsimiz qısılıb, o andlar haqqı...
Hər evin- ocağın atı var idi,
hər kəsin and kimi andı var idi;
Getdi, o atlar da, andlar da getdi,
sellərdə pörşəlib, odlarda getdi...