Şahverən Cavad - QALIR
Qar tutub dərənin qapılarını ,
Keçmir qapısından içəri bahar .
Durna tək yurduna qayıdıb , gəlib ,
Sevgisi al ,yaşıl - köçəri bahar .
Yaşıldır , ibadət bayrağımız tək ,
Baharın üzündə Tanrı nuru var .
Əlləri bir ömür göydən asılar ,
Allaha duaçı olan ağaclar .
Arxın kənarında bir xanım söyüd ,
Sulara danışar öz yuxusunu .
Qəhərdən boğazı tutulub arxın ,
Hələ soyunmayıb buz çuxasını .
Yuxuma gəlməyən anam kimidir -
Bəxtim hər baharda açmaz ki , çiçək .
Ağaclara nəzər dəyməsin , deyə ,
Tumurcuq asıblar - gözmuncuğu tək .
Payız xəzəlinin ocağı sönüb ,
Ocaq yeri kimi səbrim qaralır .
Analı günlərim təzə cığır tək
Yazda ot , qışda qar altında qalır .
21 . 04 . 2026