Əşrəf Veysəlli - KÖNLÜM

Ədəbiyyat 09:40 / 22.04.2026 Baxış sayı: 390

 

Eşqimiz lacivard bir asimandır,

Dönüb yaxasında ulduza könlüm.

Bir də calanarmı, düzələrmi heç,

Yar olan yerindən qırılsa könlüm.

 

Xəstənin meylinə “nar” düşüb yenə,

Yoxsulun eyninə var düşüb yenə.

Bilin ki, yadına yar düşüb yenə

Ağlasa, sızlasa, zarısa könlüm.

 

Ömrün günlərini behləyərəm mən,

Köçümü hardasa əyləyərəm mən.

İlahi, görəsən neyləyərəm mən

Təzədən vurulsa o qıza könlüm.

 

Gizlidr şerin də işi, gizlidir,

O da Allah vəhyi, Allah iznidir.

Mənim xoşladığım heca vəznidir,

Arada köklənir əruza könlüm.

 

De,kim istəməz ki, əhli- hal olsun,

Acı xəyalları şirin bal olsun.

Qoy elə əbədi “ evdə qal” olsun,

Mənimtək qartıyıb- qarısa könlüm.

 

Nə çox boylanırsan, ay nadan, çölə

Eyvan dan yeridir, ayna- dan çölə.

Tullayıb özünü aynadan çölə,

Qorxuram yoluxa virusa könlüm.

2020- ci il.