Ayaz Arabaçı - Bir sönən ocağa kömür atıram,
Bir sönən ocağa kömür atıram,
Oturub aprelin sərinliyində.
Xatirən hələ də məzmun axtarır,
Qalmağa,qəlbimin dərinliyində.
O ülvi hisslərdən nə danışım ki,
İndi bu dünyada nə var,siyasi..
Adamı yerindən oynadan sözün,
Yox daha əvvəlki inersiyası.
Məhəbbət tək elə dəlilik deyil,
Olsun ki,başqa da nələrsə vardır.
Ürək ağrıları,həyəcan,təlaş,
Sadəcə özünüaldatmalardır..
Nə zaman eşq oldu bu sərsəmləmə,
Bu sevda nə cürə əmələ gəldi..
Ürəyim o qədər gəzdi ki,səni,
Sinəmdə pəncərə əmələ gəldi..
Mən də heç az aşın duzu deyildim..
Düşəndə,özümü tənqid edirəm..
Hələ də kiməsə vuruluramsa,
Səni sevdiyimi təqlid edirəm..
Gördüm çırpınırsan uzaqlar üçün,
Dedim istədiyin nəhayət,olsun..
Adam gəzməyəndə kor kimi qalır,
Bir az da həsrətə səyahət olsun..