Aləmzər Sadıqqızı - Mən səni ürəkdən bağışlamısam...
Bütün körpüləri uçururam ki,
Mənə qayıtmağa yolun olmasın.
Sən məni o qədər qırıb tökmüsən,
Qoy bunu da yazım sözüm qalmasın.
Səndən su içmirdi kimsənin gözü,
Təkcə məndim səni mələk görürdüm.
Başıma batmırdı dost, tanış sözü,
İçimdə bir gözəl adam hörürdüm.
Bilirdim himindən əyilən bina,
Qəfildən uçacaq başımın üstə.
Özüm öz əlimlə dəfn edəcəyəm,
Özüm aglayacam daşımın üstə.
Gördüyüm yuxular aldadıb məni,
Səni Tanrı verən payım bilmişəm.
Mən səni, mən səni sevməmişəm ki,
Allah verən paya boyun əymişəm.
Nə yaşa yaraşır, nə də başına,
Çiçəkdən çiçəyə, qonub yaşamaq...
Sən artıq dünyanın son ucundasan,
Günahdı bu qədər ahı daşımaq.
Məni incitməyin bədəli ağır,
Səninçün yanıram hər səhər, axşam.
Hər axşam yatanda Allahı cağır,
Mən səni ürəkdən bağışlamışam...
11.1.2025.