Adilə Nəzərdən  İKİ  ŞEİR

Ədəbiyyat 10:55 / 22.04.2026 Baxış sayı: 1735

 

Qatar pəncərəsində qəfil gördüm özümü -

Üzümdə min illərin dərdi-qəmi, ələmi.

Arzuları şeirə köçürmüşdüm - sözümü...

Hansı stansiyada unutmuşdum qələmi?

 

Yetişmək istəyirdim məni çağıran səsə.

Halbuki axtardığım orada da deyildi.

Sağ cibimdə sızlayan telefondakı nəsə,

Qəlbimdəki sükutla toqquşan bir meyildi.

 

Ah, bu şüşə divarlar acımasızdı yaman,

Dayanacağı yoxdur, hər kəsi edir əsir...

Saatın əqrəbləri qılınc kimidir, aman,

Hər dəfə fırlananda ömrümdən bir az kəsir.

 

Günəş kimi - qürubda saralıb solduğuma

Baxmaq necə çətinmiş, nələr göstərdi mənə.

Bu gün də gəlib çatdım gəlməli olduğuma,

Amma özüm özümə çata bilmədim yenə.

 

Mənzil başına çatmaq qələbə deyilmiş heç,

Məğlubiyyət nəyəsə ümidi bağlamaqdır.

Vaxt gələr anlayarsan: əsas olan tez, ya gec,

Özünlə görüşməyə bircə an saxlamaqdır.

22.04.2026

 

DUANIN DA FƏRQİ VAR

 

Qoca nənəm ulduzlara

baxıb dua edərdi.

Fikirləri dağılmazdı heç yana.

Üzündəki ifadə elə içdən olardı..-

sanki dua sahibi

cavabını o anda bəxş eləyirdi ona.

Anamsa sübh namazı edərdi duasını,

Savabını axşama,

ya sabaha alardı.

Ona yeni arzular diləməyi qalardı...

Bilmirəm niyə indi duaları cavanlar

telefon ekranından oxuyurlar, deyirlər...

İnsanlar kədərini

“post”larda paylaşırlar,

Xoşbəxtliyin donunu

“status”da geyirlər.

Bütün arzu-diləklər,

bütün həmd-şükürlər

yenə Onadır, fəqət...

Barmağının ucunda “Amin” ekrana dəyib

geri qayıdar əlbət...

Süni, soyuq düymələr ürək döyüntüsünü

əvəz edə bilərmi?

Əllər göyə qalxmasa,

sənə cavab gələrmi?!

Hanı ulduzlu səma, hanı o sübh Günəşi?

Ona çatmayan dua indi tutub hər kəsi...

Hər yer təhlükə saçır, hər tərəfdə zarıltı...

Mavi duman - ruhları bulandıran parıltı.

 22.04.2026