Bəhruz  Niftəliyev - DAXİLİ MONOLOQ

Ədəbiyyat 09:51 / 22.04.2026 Baxış sayı: 350

 

Tünd hiss edir ürəyim,

İçdiyin o çay kimi,

Gözünə düşən kölgə

Bu dəniz, bu ay kimi.

Yükün yaman ağırdı,

Daş yığını pay kimin?

Çəkə bilmirsən daha,

Bədənin sənin deyil.

Söyür ürəyin səni,

Ədəbin sənin deyil.

Can da bir əmanətdi,

Əbədi sənin deyil —

Yığış, ruhuna, yığış!

Nə çətindir, İlahi,

Özünə təslim olmaq.

Ruhunu heçə saymaq,

Üzünə təslim olmaq.

Yorulmusan yağıdan,

Taqətin sənin deyil!

Yad olmusan Tanrıya,

Ta qəti sənin deyil!

Deyin, çarə nədən ki,

Yaxamdan tutanmıram.

Mən nə təhər adamam,

Yaramdan utanmıram?!

Görən görsün, neyləyim?

Sən ürkürsən üstümdən.

Yollara bu dumanı

Sən tökürsən tüstümdən?

Tanrı, bir az biclik ver,

Aldadım ürəyimi.

Küsüb bəxtim onsuz da,

Ağrıları incik ver.

Tanrı, burax ruhumu,

Anlayım köməyini.

Keçib vatım susduqca,

Mənə bir az dinclik ver!

Mənə bir az dinclik ver!!!

21.04.2026