Əlizadə Nuri - Gecə
Bu gecə bir şimşək şəklimi çəkdi,
Yardım bu gecəni, yardım " yar" deyə.
Bu gecə doyunca sevinəcəkdim-
O qızın pərdəsi açılar deyə...
Çayın dodağından bir nəğmə axdı,
Çaylar bu dünyanın köhnə valıdı.
Yarpaqlar üşüyür bu gecə vaxtı-
Elə bil ağaclar qızdırmalıdı.
Qatı bir qaranlıq tutub hər yanı,
Saatın əqrəbi dördə düşəcək.
Bu gecə alışır bir qız eyvanı
Bu gecə bir oğlan dərdə düşəcək.
Gecədi, bir mənəm- kim var arada-
Yuxusuz gecəmi kim yozacaqmış?
İlham verilibmiş buludlara da-
Yağış misra- misra yazılacaqmış...
...Köhnə qiyafədə təzə gələcək,
Yer- göy tutmayacaq yaraşığını.
İlahi, bu gecə gözə gələcək-
Başına duz çevir ay işığının...