ƏNVƏR RZA : - ELƏ BAXMA, GÖZLƏRİNƏ GÖZ DƏYƏR
Ədəbiyyat
20:23 / 21.04.2026
Baxış sayı: 607
Səni görüb dayanmışam nitqi lal,
Süzgün baxma, kirpiyini yavaş çal.
Gözlərinin qarşısında, ay maral,
Təkcə mən yox, hər kim olsa, baş əyər,
Elə baxma, gözlərinə göz dəyər.
Dikilibdir təkcə sənə gözlərim,
Sanki baxır aya, günə gözlərim,
Vurulubdur gözlərinə gözlərim.
Məhəbbətin ilk sözünü göz deyər,
Elə baxma, gözlərinə göz dəyər.
Qoşa gəzək bu çəməni, bu dağı,
Çiçəklənsin eşqimizin növrağı,
Gözlərindir məhəbbətin çırağı
Şölələnib ömrümə nur çiləyər.
Elə baxma, gözlərinə göz dəyər.