BALIQÇI VƏ QIZIL BALIQ - Ələddin Əzimli
Ədəbiyyat
17:32 / 21.04.2026
Baxış sayı: 593
" Sözlərdəki sən "dən
Durduğu yerdə
ləngər vurur dayanmadan
bu taxta qayıq.
Sən bir buna bax,
deyəsən,
işləri tərs gətirib -
sübhün gözəl çağında,
ovun gələn vaxtında,
mürgüləyib balıqçı.
Xəbəri yox,
yosunların içində
ipək toru axtarır,
bir qızıl balıq.
Onu
özü göndərib xalıq.
Aç gözünü, balıqçı,
tərpərt toru, balıqçı,
qaça bilər bu balıq.
Bir toxunuş, titrəyiş
arzuları çin edər.
...Sonra demə, balıqçı,
qismətimdə
qızıl balıq yox imiş.