Sabir Zəkullaoğlu- Dil dəyişmir, genişlənir

YAZARLAR 16:21 / 03.01.2026 Baxış sayı: 2098

 

Son vaxtlar ölkəmizdə Anadolu türkcəsinə məxsus sözlərin daha geniş işlədildiyini müşahidə edirik və bu, tamamilə təbii prosesdir. Çünki Türkiyənin əhalisi səksən beş milyona yaxın olduğu halda, Azərbaycanın əhalisi təxminən on milyondur. Üstəlik, Türkiyə bölgədə və ümumilikdə dünyada siyasi, iqtisadi və mədəni çəkisi olan, dili oturuşmuş bir dövlətdir. Bu amillər istər-istəməz dilin təsir gücünü də artırır.

Artıq dünyada, xüsusilə Sovet İttifaqı dağıldıqdan sonra, türk dilinin arealı sürətlə genişlənməkdədir. Bu prosesin əsas hərəkətverici qüvvələrindən biri Orta Asiya respublikaları — Türküstan coğrafiyası və bu gün də Rusiyanın tərkibində yaşayan türk xalqlarıdır. Vaxtilə post-sovet məkanında yaşayan xalqlar gündəlik ünsiyyətdə rus dilinə üstünlük verirdilərsə, bu gün tam əks proses müşahidə olunur: hər kəs öz dilinə, öz kökünə doğru qayıdır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Türkiyə dövləti bu sahədə passiv mövqe tutmayıb. Əksinə, türk dilli, daha dəqiq desək, əhalisinin böyük əksəriyyəti türk mənşəli olan dövlətlərlə sıx əlaqələr qurmaqla yanaşı, həmin ölkələrdə məktəblərin açılması, mədəni və sosial layihələrin həyata keçirilməsi yolu ilə dilinin təsir dairəsini genişləndirə bilib. Bu prosesdə türk seriallarının, eləcə də uşaqlar üçün çəkilən cizgi filmlərinin rolu da danılmazdır. Nəticədə, türk dilli xalqların yeni nəsli arasında tədricən ortaq ünsiyyət mühiti formalaşır və bu mühitdə Anadolu türkcəsi aparıcı mövqeyə yüksəlir.

Bu gün dünyada, xüsusilə Avropada məskunlaşmış Əfqanıstan, Pakistan və İran mənşəli miqrantların belə ortaq ünsiyyət dili kimi Anadolu türkcəsindən istifadə etməsi bu reallığın bariz göstəricisidir. Demək istədiyim odur ki, bizim gündəlik danışığımızda Anadolu türkcəsinə məxsus söz və ifadələrin yer alması süni deyil, təbii axarın nəticəsidir.

Türk dilli xalqlar dedikdə biz yalnız müxtəlif coğrafiyalarda yaşayan, fərqli adlar altında danışan toplumları nəzərdə tutmuruq. Əslində dilimizin mayası birdir, kökü eynidir; atalar sözlərimiz, deyimlərimiz, düşüncə tərzimiz, sevinc və kədərimizi ifadə etmə biçimimiz ortaq yaddaşdan süzülüb gəlib. Bu oxşarlıq təsadüfi deyil — əsrlər boyu eyni mədəniyyətin, eyni taleyin daşıyıcısı olmuş xalqların ruh birliyinin təzahürüdür. Bu gün Anadolu türkcəsində eşitdiyimiz bir söz, çox vaxt Azərbaycan atalar sözündə, Orta Asiya deyimində və ya Altay yaddaşında öz əksini tapır; sadəcə səslənmə fərqlidir, məna isə eyni qalır.

Diqqət etsək görərik ki, Azərbaycan dövlət başçıları — Heydər Əliyev, Əbülfəz Elçibəy, İlham Əliyev, hətta Ayaz Mütəllibov belə Türkiyəli həmkarları ilə görüşlərdə və türkiyəli jurnalistlərə verdikləri müsahibələrdə Anadolu türkcəsinə yaxın danışmağa çalışıblar. Bu, dilə xəyanət deyil, əksinə, ortaq ünsiyyətə verilən dəyərin, qardaşlıq dilinin şüurlu şəkildə seçilməsinin göstəricisidir. Bu baxımdan yaranmış vəziyyətdən narahat olmağa əsla ehtiyac yoxdur.

Biz tarixin təkərini saxlaya bilmərik. Dil canlı orqanizmdir: o, zəifləyə-zəifləyə yox, genişlənə-genişlənə yaşayır. Bugünkü mərhələ türk millətinin öz dil yaddaşını yenidən bir mərkəzdə topladığı, parçalanmış səslərin vahid mənaya doğru qovuşduğu bir zamanın ifadəsidir. Dil dəyişmir — dil öz kökünə qayıdaraq böyüyür; çünki kökü bir olan sözlər heç vaxt yadlaşmır, yalnız bir-birini daha aydın eşitməyi öyrənir.