Məmməd Qədir - Son rəqəm

Ədəbiyyat 16:30 / 05.01.2026 Baxış sayı: 1486

 

Altı milyard adam varmış dünyada,

Belə bəyan edir statistika.

Rast gəlmir, gəzirəm payi-piyada,

Qurama rəqəmdir, ya da mistika.

 

Nə olsun dəyişmək olmur rəqəmi,

Niyyətin nədirsə mənə tam göstər.

Rəqəmi gözümə soxma, ay əmi,

Milyonun içində yüz adam göstər.

 

Mən karam, yoxsa ki, sən olmusan lal,

İnsanlar azalır, ya adam çoxdur?

Məni anlaşıqlı dildə başa sal,

Savadsızam, ali təhsilim yoxdur.

Dünyanın əşrəfi sayılan bəndə,

Şeytanlıqda şansı ötürməyəcək.

Fəqət günahlardan söhbət gedəndə,

Kimsə öz üstünə götürməyəcək.

Götürməz halalı haram dadanlar,

Tövbə etsə yenə günah yarıdır.

İblisdə günah yox, şeytan adamlar,

Adəmlə Həvvanın övladlarıdır.

Çoxları ziyanxor diri meyitsə,

Say gedir, bəs bunun harası adam.

Hamı insanlığa riayət etsə,

Bu dunya gülüstan olardı, atam.

Kim cənnətə düsər kim cəhənnəmə,

Çoxları yaddaşdan silinəcəkdir.

Dünyada bu qədər adam var demə,

Son rəqəm məhsərdə bilinəcəkdir...