Firuz Mustafa -  Cəsur kişilər...

YAZARLAR 12:30 / 03.01.2026 Baxış sayı: 1795

 

Hər ilin yanvar ayı gələndə təkcə özüm üşümürəm, sözüm də üşüyür.

Təbii ki, bu “üşütmənin” səbəbi 1990-cı ilin 20 Yanvarında baş verən, bizim nəslin gözü qarşısında baş verən qanlı hadisələrlə bağlıdır.

Qısa yazacam. Sözümün canı var. Onsuz da mənim o vaxtlar isti-isti qələmə aldığım və dəfələrlə nəşr olunmuş “20 Yanvar gündəlikləri”ndə həmin olayların bir çoxuna işıq tutulub.

Bu gün o dövrü görməyənlərin və o faciələri yaşamayanların bir çoxu bir çox mətləb və məsələləri “əyri güzgüdə” təsvir edirlər. Elə bu məsələyə toxunmaq istəyirəm.

20 Yanvarın ertəsi günü, yəni yanvarın 21-də Ali Sovetin çağırdığı iclas mənim yaxşı yadımdadır. Bu faktı niyə yazıram, indi deyəcəm. Məsələ burasındadır ki, hadisə baş verən gün bizim Ali Sovetin bir çox deputatları, indikilərdən iraq, qorxudan müxtəlif yerlərdə- bağ evlərində, kabinetlərdə, zirzəmilərdə, gizlənmişdilər. Onların bəzisinin nəinki başı, heç “quyruqları” da görünmürdü. Yalnız o zamankı vətənpərvər oğul və qızlarımızın təpkisi nəticəsində həmin deputatların bir qismi üzə çıxdı, daha doğrusu “yuvalarından” çıxarıldı və sessiya baş tutdu. Həmin fəallardan bir çoxu auditoriyalarda dərs dediyim gənclər- aspirant və tələbələr idi.

Xüsusi olaraq qeyd etməliyəm ki, iclasının aparıcıları böyük söz ustalarımız İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, habelə görkəmli ictimai-siyasi xadim Tofiq Bağırov idi. O da yadımdadır ki, iclasda hamıdan əvvvəl söz alıb danışan Bəxtiyar müəllim az sonra sözü İsmayıl müəllimə verərək dedi: “Mən çox əsəbiyəm, İsmayıl təmkinlidir, sessiyanın iclasını o aparacaq”. İsmayıl Şıxlının oradakı və ondan üç gün sonra -24 yanvar 1990-cı ildə Mərkəzi Komitənin Plenumunun iclasındakı tarixi çıxışı bu gün də yaddaşlardadır: “Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər”. İndi təsəvvür edin, həmin vaxt Qorbaçıv SSRİ-nin rəhbəridir, Primakov zalda əyləşib, Yazov isə Bakıda “əməliyyata” başçılıq edir və Azərbaycan yazıçısı onları kəskin şəkildə ittiham edir, “cəllad” adlandırır.

Hə, indi deyim bu çaparaq qeydləri niyə yazıram. Xalqımıza qarşı törədilən qanlı terrordan bir neçə saat sonra, çarpaz güllə yağışı altında keçirilən sessiyada kəfəni boğazına dolayıb imperiyaya meydan oxuyan kişilər böyük ehtirama layıqdir. Bu cür cəsur oğul və qızlarımız həmişə olub və yenə var, daim olacaq da. Amma bü gün həmin milli dəyərlərimizin, indiki halda İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadəni nəzərdə tuturam, "qələminə" sürtünən, öz aləmlərində onları “bəzəyən” və ya onlarla “məzələnən” alabula “kişilər” də yox deyildir. Maləsəf, bu gün ağzının sözünü və suyunu yığa bilməyən, habelə istəyi, məramı, amacı məlum olmayan, arabir öz “yuvalarından” baş çıxarıb banlayan belə canlılara da rast gəlmək olur.

Elə-belə yazdım. Yeni iliniz mübarək.