Əlizadə Nuri - Bir kilsədə müsəlmanam

Ədəbiyyat 15:29 / 05.01.2026 Baxış sayı: 953

 

İsidə bilmirəm səni-

Soyuq nəvaziş kimiyəm.

Mən sənə çata bilmirəm-

Yerində gərdiş kimiyəm.

 

Özü xəstə bir loğmanam,

Hər yan ayrılıqdı, anam.

Bir kilsədə müsəlmanam,

Bir camda keşiş kimiyəm.

 

Dünya nədir?- soyuq budda,

Yağış darıxır buludda...

...Göy üzünə göy tabutda

Gedən bir bəxşiş kimiyəm...