Ayaz Arabaçı - Bu gün sənsizliyin min ili tamam oldu..
Bu gün sənsizliyin min ili tamam oldu..
Havalanıb dəlitək dolaşırdım şəhərdə,
Heç cür tapa bilmirdim evimizin yolunu.
Şirinlik axtarırdım ölüm adlı zəhərdə,
Gözlərimə sıxmışdım pencəyimin qolunu..
Yeridikcə daha çox nəfəsimi kəsirdi,
İti bir bıçaq yeri,
qanayan kürəyimdə.
Yanvarın qara qanlı küləkləri əsirdi,
Qarmon kimi yığılıb açılan ürəyimdə.
Düşüncələr içində bir dirəyə söykənib,
Ötüb-keçən günləri bir-bir varaqlayırdım.
O son dəfə gördüyüm, xəstə, məzlum görkəmi,
Xəyalıma gətirib,
elə hey, ağlayırdım.
Mənim gülüm-gülşənim, mənim Ayım-Günəşim,
Gedim harda axtarım, səndən bir də harda var.
Ömür boyu içimdə yanan odum-atəşim,
Səndən sonra o oğul yoxdu daha lay divar.
Tonqal-tonqal alışıb, od tökürdü üstümə,
Günlərin ən qarası, ən acısı, ən bozu.
Bir əlac tapammamış içimdəki tüstümə,
Ürəyimə çökürdü, bütün yolların tozu.
Belə danışmamışdıq, Tanrım bu nə hesabdı-
Sual dolu nəzərlə uzaq göylərə baxdım.
Cırıb küçəyə tökdüm cibimdəki resepti.
Sabah bir neçə dərman alıb aparacaqdım.
Necə ifadə etsin, real mənanı kədər,
Güc tapa bilmirdim ki, qollarımı dirildim.
Axşam üstü aldığım o pis xəbərə qədər,
Mən özümü necə də inandıra bilirdim.
Sənə necə çatdırım, necə deyim ki, ana,
Otağıma yayılmış ağrı-acından öpdüm.
Titrəyən əllərimlə götürüb yana-yana,
Bir darağın dişində qalan saçından öpdüm.
Qara rəngə boyayıb yaşılını-alını,
Bütün arzularımın qanadını dağladım,
Köksümün üstə sıxıb qara ipək şalını,
Fasiləsiz olaraq səhərəcən ağladım..
Ağırdı, çox ağırdı,
dünyada heç bir qayıb,
Ana itkisi qədər adamı iki bölmür..
Balaca oğlum Azər boynumu qucaqlayıb,
Dedi ata, ağlama, analar axı ölmür..