Ayaz Arabaçı - Fikrini edirəm bilsən, bir nəyin...

Ədəbiyyat 10:00 / 06.01.2026 Baxış sayı: 795

Fikrini edirəm bilsən, bir nəyin,

Nədən bəzi şeylər gizləniləndi..

Belə gözlənilməz qəfil gəlməyin,

Qəfil gedişi də gözləniləndi..

 

Mən heç bu barədə qüssə yemirəm-

Burda kim haqlıdı, kim haqlı deyil.

Heç nə soruşmuram, heç nə demirəm,

O demək deyil ki, maraqlı deyil.

 

Uzadaq ömrünü gəl bu anların,

Yoxsa xatirələr ac-susuz qalar.

Yaddaşı olmur ki, unudanların,

Adam da bu qədər yuxusuz qalar?

 

Bu eşqin içində saxlanır nə sirr,

Ölüm kimidi ya, qurtuluş kimi?

Elə ki başımda küləyin əsir,

Uçur sən tərəfə ürək quş kimi.

 

Həsrət aramızda Ilan olmasa,

Olsa günlərimiz şəkərdən-şəkər.

Və bir də zəlzələ filan olmasa,

Səncə bu səadət nə qədər çəkər.